Qurban Qurbanov: Yaddan çıxmaz “Xəzər Lənkəran”!
28.10.2010 - 15:10
Qurban Qurbanov: Yaddan çıxmaz “Xəzər Lənkəran”!
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Unibank Premyer Liqasının XI turunda görüşəcəyi “Xəzər Lənkəran” klubu karyerasında xüsusi yer tutur. Apasport.az saytının hesablamalarına görə, 38 yaşlı çalışdırıcı məşqçilik karyerasında lənkəranlılarla ev oyunlarında daim qələbə qazanıb. Bu, məşqçi kimi debüt etdiyi “Neftçi”də 1, “Qarabağ”da 4 dəfə olub.

Qurbanovun futbolçu karyerasında da “ağ-yaşıllar”la görüşü yadda qalan olub. 2005-ci ildə “Neftçi”də oynadığı zaman “Qızıl oyun”da bu komandaya qalib gəlib. Özü də Qurbanov buna komandanın kapitanı kimi nail olub və bu, hələlik onun sonuncu çempionluğudur.

Bundan dərhal sonra “İnter”ə keçən veteran hücumçu həmin mövsümün əvvəlində zədə üzündən karyerasını 33 yaşında bitirdi. Maraqlısı odur ki, bu, məhz “Xəzər Lənkəran”la ev oyunu öncəsi baş verdi. Yeri gəlmişkən, “İnter” Tofiq Bəhramov adına Respublika stadionunda 2:0 hesabı qalib gəldiyi həmin görüşdən sonra türkiyəli baş məşqçi Rasim Kara istefaya göndərilmişdi.

Qurbanov məşqçiliyə başlayandan sonra cənublularla ilk dueli uğursuz olur. Belə ki, o, bu vəzifədə ilk məğlubiyyətini məhz lənkəranlılardan alıb. Həmin vaxt Lənkəran mərkəzi şəhər stadionunun rəsmi açılış mərasiminə ölkə prezidenti İlham Əliyev də təşrif buyurmuşdu. Qurbanov II dövrədə bu məğlubiyyətin əvəzini evdə çıxa bilir.

Ümumiyyətlə, həmin vaxt “Neftçi” ilə “Xəzər Lənkəran” arasında çempionluq uğrunda amansız mübarizə gedirdi. Lənkəranlılar ilk dövrəni 8 xal irəli lider kimi başa vuran zaman çoxları onun artıq çempionluğu təmin etdiyini deyirdi. Ancaq Qurbanovun komandası ikinci dövrədə 13 görüşdən 12-də qalib gəlməklə, inanılmaz seriyaya imza atdı. Ancaq yeganə məğlubiyyət “Neftçi”yə çempionluq bahasına başa gəldi. “Olimpik” “Şəfa” stadionunda Qurbanovun komandası üzərində qazandığı 2:1 hesablı əzmkar qələbə ilə onu taxtdan saldı, “Xəzər Lənkəran”ı liderliyə qaytardı. Ağasəlim Mircavadovun baş məşqçisi olduğu komanda sona bir tur qalmış bu gözəl hədiyyədən maksimum yararlandı və tarixində ilk çempionluğunu qazandı.

Qurbanov növbəti çempionatın IV turunda “İnter”lə səfərdə 0:0 hesabı ilə nəticələnən oyundan sonra “Neftçi”dən getdi. Həmin mövsüm işsiz qalan çalışdırıcı növbəti yay “Qarabağ”a gəldi. Baş məşqçi postunda “Xəzər Lənkəran”a qayıdan Karanı əvəzləyən Qurbanov Lənkəranda tarixi qələbəyə imza atdı. Belə ki, türkiyəli mütəxəssis 1:3 hesablı məğlubiyyətdən sonra istefa verərək, ölkəmizi birdəfəlik tərk etdi.

“Qarabağ”la “Xəzər Lənkəran”ın Ağdamdakı görüşündə də tarixi qələbə qeydə alındı. Belə ki, komanda 16 ildən sonra Ağdamda milli çempionatda qalib gəldi. Qurbanov vaxtilə yığmada baş məşqçisi olan İqor Ponomaryovun çalışdırdığı “Xəzər Lənkəran”ı yenməklə, rəqibini sonda mükafatçılar və avrokuboklardan kənarda qoydu.

Qurbanov yığmada və “Neftçi”də rəhbərliyi altında oynamış Mircavadovla “Qarabağ”ın çalışdırıcısı kimi də görüşdü. “Xəzər Lənkəran”a 1 illik fasilədən sonra qayıdan Mircavadov keçmiş tələbəsi ilə ötən mövsüm 6 dəfə üzləşdi. Bu da həm “altılıq”, həm də “Xəzər Lənkəran”ın ağdamlılarla ölkə kubokunda da rəqib olması ilə bağlı idi. Qurbanov Ağdamda keçirilən hər iki oyunda qalib gəlsə də, kubokda mərhələ keçə bilmədi. “Xəzər Lənkəran” səfərdə vurulan qol hesabına rəqibini üstələdi. Ancaq çempionatdakı xal itkiləri onu qızıl medallardan etdi.

Qeyd edək ki, Qurbanov “Xəzər Lənkəran”la oyunların balansında aşkar üstünlüyə malikdir. Belə ki, 10 oyunun 6-da yığmamızın sabiq kapitanı, 3-də “Xəzər Lənkəran” qalib gəlib, yalnız 1 görüş bərabərliklə nəticələnib. Ağdamdakı arenada yenidənqurma işləri getdiyindən, “Xəzər Lənkəran”ı cari mövsümdə Bakıda qəbul etməli olacaq.

Qurban Qurbanov məşqçilik karyerasında “Xəzər Lənkəran”la oyunları

2006/07 mövsümü

“Xəzər Lənkəran” – “Neftçi” – 2:1
Lənkəran. Şəhər mərkəzi stadionu

“Neftçi” – “Xəzər Lənkəran” – 1:0
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

2008/09 mövsümü
“Xəzər Lənkəran” – “Qarabağ” – 1:3
Lənkəran. Şəhər mərkəzi stadionu

“Qarabağ” – “Xəzər Lənkəran” – 1:0
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu

2009/10 mövsümü
İlkin mərhələ

“Qarabağ” – “Xəzər Lənkəran” – 1:0
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu

“Xəzər Lənkəran” – “Qarabağ” – 0:0
Lənkəran. Şəhər mərkəzi stadionu

Final mərhələsi
“Xəzər Lənkəran” – “Qarabağ” – 2:1
Lənkəran. Şəhər mərkəzi stadionu

“Qarabağ” – “Xəzər Lənkəran” – 2:1
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu

Azərbaycan kuboku, 1/4 final mərhələsi
“Qarabağ” – “Xəzər Lənkəran” – 2:1
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu

“Xəzər Lənkəran” – “Qarabağ” – 1:0
Lənkəran. Şəhər mərkəzi stadionu

Mehman SÜLEYMANOV