Yığmamızın oyunçusu Avropa klubuna getməkdən boyun qaçırdı
28.10.2010 - 15:19
Yığmamızın oyunçusu Avropa klubuna getməkdən boyun qaçırdı
“Bu il ölkə çempionatı fərqli keçəcək. Çempion titulumuzu qorumaq heç də asan olmayacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan futzal yığmasının və “Araz” klubunun üzvü Vitali Borisov deyib.

Son vaxtlar futzal üzrə ölkə çempionatında yeknəsəklik yaranıb. Belə ki, daxili birincilikdə at oynadan Naxçıvanın “Araz” klubu elə də çətinlik çəkmədən çempion olur. Düzdür, “Araz” sonuncu ölkə kubokunun finalında “Neftçi” İSM-ə məğlub oldu. Ancaq bu heç də digər komandaların Naxçıvan təmsilçisi ilə ayaqlaşması anlamına gəlməməlidir. Lakin millinin üzvü cari çempionatın fərqli keçəcəyini deyib: “Rəqiblərimiz yeni oyunçular alıblar. “Neftçi” heyətini Rusiya çempionatında oynamış 4-5 braziliyalı ilə gücləndirib. Təsadüfi deyil ki, onlarla cari mövsümdə duelimiz heç-heçə başa çatıb. “Ekol” da güclənib. Yəni ildən-ilə çempionatda gərginlik artır. Bu il titulumuzu qorumağımız çox çətin olacaq. Çünki adlarını sadaladığımız rəqiblərlə mövsüm ərzində 6 dəfə üz-üzə gələcəyik”.

Bir müddət əvvəl Rusiyanın “Dina” klubunda çıxış edən həmyerlimizin yenidən legioner həyatı yaşamaq şansı olub: “İki təklif almışdım. Onlardan biri postsovet, digəri isə Avropa ölkəsi idi. Hər iki klub öz ölkələrinin çempionu olublar. Ancaq “Araz”da qalmağa üstünlük verdim”.

Vitali bunun səbəbini belə izah edib: “Araz”ın qrup oyunları yaxınlaşır. Yaxşı hazırlaşmaq istəyirəm. Həm də qışda Avropa çempionatının qrup oyunları olacaq. Hər iki cəbhəyə yaxşı hazırlaşmaq üçün gərək burada olum. Çünki başqa ölkələrdə fərqli taktika ilə oynayırlar”.