Milli komandamız futbol səhnəsinə qayıdır
29.10.2010 - 16:25
Milli komandamız futbol səhnəsinə qayıdır
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının 2011/12 mövsümünün püşkatmasının tarixi məlum olub. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbir noyabrın 16-da keçiriləcək.

Mərasim Azərbaycan üçün ikiqat əhəmiyyət kəsb edir. Birincisi, 2011/12 mövsümünün final mərhələsi Azərbaycanda keçiriləcək DÇ-2012-nin oyunlarına seçim xarakteri daşıyır. Deməli, İsveçrədəki püşkatma həm də bu yarış üçün təsnifat xarakteri daşıyan yarışa şamil olunacaq.

İkincisi isə 2008/09 mövsümündən qitə birinciliklərində çıxışlarını dayandıran Azərbaycan millisi 3 illik fasilədən sonra beynəlxalq arenaya çıxacaq. Bu dəfə almaniyalı məşqçisi Sissi Raytın rəhbərliyi altında.

Püşkatma ilə bağlı daha bir məqam isə yarışda rekordun müəyyənləşməsidir. Avropa çempionatları tarixində ilk dəfə mükafatlar, həm də Azərbaycana vəsiqə uğrunda rekord sayda 42 komanda mübarizə aparacaq. Bu isə o deməkdir ki, dünya çempionatlarının da rekordu müəyyənləşəcək. Yəni, Avropanın 41 komandası (bizim milli üçün DÇ-yə vəsiqə artıq təmin olunub) mundialda oynamaq hüququ üçün yarışacaq.

Almaniya və Hollandiyanın azad olduğu I təsnifat mərhələsinin iştirakçıları 3 səbətə bölünüblər:

A: Fransa, İspaniya, Norveç, İsveç, İngiltərə, İrlandiya, Danimarka, İsveçrə, Çexiya, Şotlandiya

B: Finlandiya, Macarıstan, Ukrayna, İtaliya, Belçika, Polşa, Rusiya, Uels, İslandiya, Türkiyə

C: Serbiya, Makedoniya, Avstriya, Sloveniya, Litva, Farer adaları, Qazaxıstan, Xorvatiya, Belarus, İsrail, Rumıniya, Azərbaycan, Latviya, Yunanıstan, Estoniya, Şimali İrlandiya, Bolqarıstan, Moldova, Gürcüstan, Bosniya və Herseqovina

Qeyd edək ki, ilkin təsnifat mərhələsinə A və B səbətlərindən 1, C səbətindən 2 komanda yer alacaq.