Arif Əsədov: Bizim komandada əvəzedilməz futbolçu yoxdur
29.10.2010 - 16:44
Arif Əsədov: Bizim komandada əvəzedilməz futbolçu yoxdur
“Sözsüz ki, ilk dövrəni lider kimi başa vurmaq istəyirik. Hər şey ilk növbədə özümüzdən asılıdır. “Bakı”ya qalib gəlsək, liderliyimizi qoruyacağıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

Unibank Premyer Liqasının vahid lideri olan flaqman I dövrənin son turunda səfərdə “Bakı” ilə derbi oyuna çıxacaq. Əsədovun fikrincə, rəqibin turnir cədvəlinin yer aldığı 8-ci pillə onun əsl mövqeyi deyil: “Mən “Bakı”nı həm “altılıq”da, həm də çempionluğa oynayan komanda kimi görürəm. Çünki güclü heyəti, yaxşı futbolçuları var. Ola bilsin ki, mövsümün əvvəlindən psixoloji problemləri mövcuddur. “Bakı” ilə “Neftçi”nin görüşləri həmişə derbi olub və yenə belə olacaq”.

Əsədov “Turan”la səfərdəki 2:2 bərabərlikdən sonra əsas heyətdə 5 dəyişiklik etdi. O, bunun bəhrəsini “Gəncə” üzərində qazanılan böyük hesablı qələbə (6:2) ilə gördü. Maraqlıdır, bu islahatlar davam edəcəkmi? “Heyətdə dəyişiklik etsəm də, bunlar oyuna mənfi təsir göstərmir. Mənim də ilk gəldiyim gündən məqsədim bu balansı qorumaqdır. “Neftçi”də əvəzedilməz futbolçu yoxdur. Kimə şans verilirsə, heyətə düşmək uğrunda gərgin mübarizə aparır. Ötən turda Elmar Baxşıyevlə Rəşad Abdullayevi ehtiyatda qalması hansısa problemlə bağlı deyildi. Sadəcə, digər futbolçuların oynamasına imkan yaratdım. Oyuna, rəqibə görə taktiki gedişlər edirik. Bunlarla bağlı Elmar və Rəşadla söhbətimiz oldu. Sağ olsun, onlar da məni düzgün başa düşdülər. Bizdə futbolçularla belə fərdi söhbətlər olur və İqor Mitreski “Turan”la oyunda əsas heyətdən kənarda qalanda da bunu etmişdik. Əsas kapitanımız Rail Məlikovun yoxluğunda vitse-kapitanlar Elmarla Ruslan Abışovdur. Baxşıyev olmayanda, Abışov sarğını daşıyır”.

“Neftçi”ni son turda təkcə özünün yox, bir gün əvvəl keçiriləcək “Qarabağ” – “Xəzər Lənkəran” görüşünün də nəticəsi maraqlandıracaq. Hər halda, lənkəranlılar 2 xal geri qaldıqları flaqmanın ən yaxın izləyicisidir. Ancaq Əsədov başqasının bədbəxtçiliyi uğrunda xoşbəxtlik qurmaq istəmir: “Əlbəttə, ilk növbədə öz oyunumuza fikir versək də, rəqiblərimizin oyununa, turnir cədvəlində sıralamaya da diqqət yetirir, bunu təhlil edirik. “Qarabağ”la “Xəzər Lənkəran” çempionluq uğrunda rəqiblərimizdir. Məlumdur ki, onlar öz aralarında görüşdüyündən, kimsə xal itirəcək. Bu, qaçılmazdır və biz “Bakı”ya qalib gəlməklə, bundan maksimum istifadə edə bilərik. “Qarabağ”la “Xəzər Lənkəran”ı ayırmaq istəməzdim və qoy, güclü qalib gəlsin. Ümumiyyətlə, başqalarının xal itirməsi ilə yox, öz oyunumuzla çempion olmaq istəyirik. Ona qalsa da, rəqiblərimiz də “Neftçi”nin “Bakı” ilə görüşündə xal itkisini arzulaya bilər. Rəqiblərimizin nəticəsinə önəm verməyərək, öz xallarımızı artırmaq, çempionluq uğrunda yolumuzu davam etdirmək haqda düşünürük”.

Mehman SÜLEYMANOV