Millimizin kapitanı: “Əskişəhərspor”dan yaxşı yerə getməyəcəm ki...
30.10.2010 - 23:03
Millimizin kapitanı: “Əskişəhərspor”dan yaxşı yerə getməyəcəm ki...
“Mən baş məşqçilər barədə danışmağı xoşlamıram. Onların öz işi var, mənim öz işim. Məşqçilər xarakter və iş üslubuna görə bir-birinə bənzəmir. Sadəcə onu deyə bilərəm ki, Bülənt Uyğunla işləmək mənə xoşdur. İlqar Qurbanov hələ "Sivasspor"da oynadığı vaxt onun haqqında mənə çox yaxşı sözlər demişdi. Həmişə tərifləyirdi. Görürəm ki, İlqarın dedikləri tamamilə düzdür”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Rəşad Sadıqov deyib.

Hazırda Türkiyənin “Əskişəhərspor” klubunda forma geyinən həmyerlimiz bu komandanın sabiq və hazırkı baş məşqçiləri – Rza Çalımbyla Bülənt Uyğunu müqayisə etmək istəməyib. Onun bildirdiyinə görə, Uyğunun gəlişindən sonra komandasının uğur qazanacağına inam artıb. Bəs görəsən, Sadıqov başqa klublardan hansısa təklif alıbmı? “Türkiyədə "3 böyük"dən - "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş"dan sonra ən yaxşı şəraiti olan 2-3 klub varsa, "Əskişəhərspor" onlardan biridir. Niyə görə komandamı dəyişməliyəm? Özünüz də bilirsiniz ki, tez-tez klub dəyişməyi xoşlamıram. Bura yeni gəlmişəm və istəyirəm ki, Azərbaycanı layiqincə təmsil edim. "Kayserispor" və "Kocaelispor"da çıxış etmişəm, "Əskişəhərspor" onlardan da güclüdür. Türkiyədə indiki komandamdan yaxşı yerə getməyəcəm ki... Klubda hər şey ürəyimcədir, artıq tam uyğunlaşmışam”.