“Neftçi”: yeni minillikdə ilk dəfə
01.11.2010 - 00:01
 “Neftçi”: yeni minillikdə ilk dəfə
“Neftçi” Unibank Premyer Liqasının I dövrəsini lider kimi başa vurub. Apasport.az saytının məlumatına görə, bütün milli çempionatlarımızın iştirakçısı olan paytaxt təmsilçisi bununla da uğursuz seriyaya son qoyub.

Belə ki, flaqman son illərdə “ikinci dövrə komandası” imici formalaşdırmışdı. Mövsümün əvvəlində yeri gəldi-gəlmədi xallar itirən “Neftçi” I dövrədə baş məşqçi istefaları ilə də üzləşir və yalnız ikinci yarıda liderlərə çatmağa cəhd edirdi. Hətta çempion olduğu 2003/04 və 2004/05, qızıl medalların “Olimpik”lə oyunda əldən verildiyi 2006/07 mövsümlərində də bunun şahidi olmuşuq.

“Neftçi”nin I dövrənin qalibi olmasına isə sonuncu dəfə 2000/01 mövsümündə təsadüf olunub. 10 il əvvəl bakılılar 10 turdan sonra 8 qələbə və 2 heç-heçə edərək dövrəni zirvədə tamamlamışdılar. Həmin vaxt dövrənin sonu qış fasiləsinə təsadüf etmişdi. Yəni, ağ-qaralar 2000-ci ili, həm də ötən əsri və ötən minilliyi I pillədə tamamlamışdı.

Maraqlıdır ki, onda “Neftçi”nin sonuncu – XI turdakı rəqibi “Dinamo”, indiki “Bakı”nın sələfi idi. Həmin matçdakı 1:1-dən sonra bakılılar fasiləyə həm qış çempionu, həm də dövrənin qalibi kimi yollandı.

Bundan sonra isə hər mövsüm I dövrənin öz çempionu olur, “Neftçi” isə buna həsrət qalırdı. Maraq üçün minilliyin ilk dövrə çempionlarının siyahısına nəzər salaq.

2001/02 – “Şəmkir” (11 tur)
2003/04 – “Qarabağ-Azərsun” (13 tur)
2004/05 – “Qarabağ” (17 tur)
2005/06 – “Karvan” (13 tur)
2006/07 – “Xəzər Lənkəran” (13 tur, 12 oyun)
2007/08 – “Olimpik” (13 tur)
2008/09 – “İnter” (13 tur)
2009/10 – “İnter” (11 tur)

“Neftçi” 10 illik həsrətə bu il baş məşqçi postuna gətirilən Arif Əsədovla son qoydu. Həmin Əsədovla ki, 10 il əvvəl komandanın formasını geyirdi. O, da maraqlıdır ki, həmin vaxt II dövrədə “Neftçi”yə çatan “Şəmkir”lə “Qızıl oyun”un antiqəhrəmanı məhz Əsədov olmuşdu. O, çempionluğun həll olunduğu matçın 20-ci dəqiqəsində avtolla doğma klubunun 0:1 hesablı məğlubiyyətinin əsas səbəbkarı olmuşdu.