David Vilya Əfran İsmayılovdan daha da uzaqlaşdı
01.11.2010 - 11:52
David Vilya Əfran İsmayılovdan daha da uzaqlaşdı
Dünyanın ən yaxşı hücumçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2010-cu ilin arxada qalan hissəsində ən azı 6 qol vuran oyunçuların siyahısını müəyyənləşdirib.

Milli komandada və qitə kuboklarında vurulan qolları nəzərə alan qurumun cədvəlində 87 futbolçu yer alıb. Bu isə o deməkdir ki, 25 gün əvvəl açıqlanan siyahıya daha 14 nəfər daxil olub.

Ötən ay açıqlanan siyahı ilə müqayisədə cədvəldə ciddi dəyişiklik baş verməyib. İspaniya millisində 10, “Valensiya” və “Barselona”da üst-üstə 6 qol vuran David Vilya zirvədəki mövqeyini qoruyub. Kamerun yığmasında 8, İtaliyanın “İnter” klubunda 5 dəfə fərqlənən Samuel Eto’O 2-ci, Xavyer Ernandes 3-cü yeri tutur. Meksika yığmasında 12, “Mançester Yunayted”də 1 dəfə fərqlənən Ernandes eyni sayda qol vuran Dieqo Forlanı yalnız milli amilinə görə qabaqlayır.

Azərbaycanın siyahıdakı yeganə təmsilçisi Əfran İsmayılov isə 6 qolla 67-71-ci pillələri bölüşən futbolçular arasındadır. Millimizdə 1, Ağdamın “Qarabağ” klubunda 5 dəfə rəqib qapısına yol tapan 22 yaşlı yarımmüdafiəçinin şərikləri arasında İvitsa Oliç və Ueyn Runi kimi ulduzlar da var.

Qeyd edək ki, ötən ay 57-61-ci yerlərə şərik olan Əfran 25 gündə 10 pillə geriləyib.