“Neftçi” “Qalatasaray”ı “oğurluq”da ittiham edir
01.11.2010 - 15:03
“Neftçi” “Qalatasaray”ı “oğurluq”da ittiham edir
“Neftçi” UEFA-ya şikayət etmək qərarına gəlib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin rəhbərliyi Türkiyənin “Qalatasaray” klubunun hərəkətlərindən narazı qalıb.

Belə ki, “Cim Bom”un fiziki hazırlıq üzrə məşqçi qismində "Neftçi"də çalışan italiyalı Covanni Melkiorreni “oğurlaması” bakılıları qəzəbləndirib.

Xatırladaq ki, Georgi Hacının Türkiyə təmsilçisinə baş məşqçi təyin edilməsindən sonra, rumıniyalı mütəxəssis italiyalını komandasında görmək istədiyini açıqlayıb. "Neftçi" rəhbərliyinin icazəsi və özünün şəxsi istəyi ilə komanda ilə müqaviləsi olan Melkiorrenin "Qalatasaray"la danışıqlar aparmaq üçün İstanbula yollanması mümkün olub. Lakin Türkiyəyə danışıqlar aparmaq adı ilə yola düşən çalışdırıcı haqqında "Qalatasaray" klubunun rəsmi internet saytında yeni məlumat yerləşdirilib. Belə ki, İstanbul təmsilçisinin rəsmi internet saytının "məşqçilər və texniki işçilər" bölümündə Melkiorre komandanın fiziki hazırlıq üzrə məşqçisi kimi göstərilib.

Hərçənd italiyalının mövsümün sonuna qədər "Neftçi" ilə müqaviləsi mövcuddur. Bakılılar da bu səbəbdən UEFA-nın müvafiq qurumuna şikayət edəcəklər.

Mənbə: neftchifc.com