“Bakı”nın futbolçusu çempionluqdan dəm vurur
01.11.2010 - 15:48
“Bakı”nın futbolçusu çempionluqdan dəm vurur
“Berti Foqts məni yığmaya dəvət edibsə, etimadı doğrultmağa çalışacağam. Ona yanılmadığını sübut edəcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun kapitanı Cəmşid Məhərrəmov deyib.

Noyabrın 17-də Podqoritsada Çernoqoriya ilə qarşılaşacaq Azərbaycan millisinin bu oyuna hazırlıq məqsədilə noyabrın 8-dən 11-dək Bakıda təlim-məşq toplanışı təşkil olunacaq. Baş məşqçi Berti Foqts hazırlıq prosesinə dəvət etdiyi futbolçuların adlarını açıqlayıb. Uzun fasilədən sonra millinin düşərgəsinə dəvət alan Məhərrəmov bu xəbəri ilk dəfə bizdən eşitdi və yığmamızın Çernoqoriya ilə qarşılaşmaya qələbə qazanmaq üçün çıxacağını bildirdi: “Azərbaycan yığması rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmaq üçün oynayır. Türkiyə ilə qarşılaşma bunu bir daha sübut etdi. Ona görə Çernoqoriyanın qrup mərhələsində uğurlu çıxış etməsi millimizin məqsədini dəyişə bilməz”.

Müdafiəçi şərəfini qoruduğu “Bakı”nın uğursuz çıxışı haqda danışıb. Kapitan komandasının çempion olacağına ümidini itirməyib: “I dövrə başa çatdı. İrəliyə baxmalıyıq. Komandanın toparlanacağnı gözləyirik. Oturub fikirləşməliyik. Bu heyətlə, bu şəraitlə “Bakı” ən azı zirvədə olmalı idi. Düzdür, bütün klublar əziyyət çəkir. Amma “Bakı” onlardan daha çox əziyyət çəkir. Niyə belə olduğunu bilmirəm. Görək qarşıdakı oyunlarda necə olur. Bizi 21 oyun gözləyir. İşimizi çətinə salmışıq. Ancaq çempion ola bilərik. Gərək Hafiz müəllimin (“Bakı”nın prezidenti Hafiz Məmmədov - red) əziyyətini yerə vurmayaq”.