“Sübut etməliyəm ki, Subaşiç ölməyib”
01.11.2010 - 15:55
“Sübut etməliyəm ki, Subaşiç ölməyib”
“Həqiqətən də yığmaya çağırılmışam? Buna heç inanmağım gəlmir. Gərək bir dəqiqləşdirim”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin və “Qəbələ” klubunun futbolçusu Branimir Subaşiç deyib.

17 aylıq fasilədən sonra yığmaya dəvət alan 28 yaşlı hücumçu yenidən Berti Foqtsun diqqətini cəlb etməyinə sevindiyini bildirib: “Əgər həqiqətən də yığmaya çağırılmışamsa, bu şad xəbər üçün sizə təşəkkür edirəm. Mənim üçün gözlənilməz oldu. Əslində, bu haqda düşünmürdüm, bütün fikrimi yalnız və yalnız klubdakı oyunuma yönəltmişdim və bilirdim ki, bu öz nəticəsini verəcək. Bu məni çox sevindirir. Özü də qarşıda Çernoqoriya ilə oyun var. Bu komandaya qarşı oynamaq istəyim böyükdür. Həm də çıxıb sübut etməliyəm ki, Subaşiç ölməyib. Sağdır, hələ oynaya bilir”.

Branimir millidəki son dəqiqələrini də unutmayıb: “Həmin oyunu unutmaq olar? Avropa çempionlarına qarşı oynayırdıq. Lakin İspaniya ilə görüşdən sonra özüm millidə oynamaq istəmədim. Çünki Çində çıxış edirdim. Arıqlamışdım. Formamı itirmişdim. Elə vəziyyətdə yığmaya gəlməkdənsə, gəlməmək yaxşı idi. İndi hər şey qaydasındadır və çalışıb nəyə qadir olduğumu göstərə bilərəm”.

Qeyd edək ki, Subaşiç sonuncu dəfə 17 ay əvvəl ötən ilin iyunun 9-da İspaniya ilə yoldaşlıq oyununda (0:6) millinin düşərgəsində olub.

Vüqar XEYRULLAYEV