Sakit Alıyev: Fikir bildirsəm, hərə bir cür yozacaq - MÜSAHİBƏ
02.11.2010 - 00:01
Sakit Alıyev: Fikir bildirsəm, hərə bir cür yozacaq - MÜSAHİBƏ
Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Sakit Alıyevin apasport.az saytına müsahibəsi

- Yenidən “Turan”a döndünüz. Cəmi 1 ay əvvəl sizi istefaya göndərən rəhbərlikdən klubda çalışmaqla bağlı dəvət gözləyirdinizmi?
- Əvvəla həmin vaxt klubdan istefaya göndəriləcəyimi gözləmirdim. Bu qərar qəbul edildikdən sonra klubun prezidenti Musa Süleymanovla söhbətləşdik. O, klubdan ayrılmayacağımı dedi. Təxminən 1 aylıq fasilədən sonra geri qayıtdım. Əslində, bu dəvət mənim üçün gözlənilməz oldu.

- Klubda hansı işi görəcəksiniz?
- Sözün düzü, bir aydır dincəlirdim. Ancaq futboldan tamamilə ayrılmamışdım. Yenə futbol oynayırdım. Uşaqlara məşqlər keçirdim. Bazar günü Musa müəllim məni stadiona dəvət etdi və uşaq futboluna kömək etməyimi istədi. Mən də öz köməyimi əsirgəməyəcəm. Çünki hamısı öz uşaqlarımızdır.

- Bir qədər də konkretləşdirsək, işiniz nədən ibarət olacaq?
- Əsas komanda istisna olmaqla, bütün komandalara mən nəzarət edəcəm. Yəni əvəzedicilər, U-17, U-15, U-14, U-13, U-11, U-9 komandalarının məşqlərini oyunlarını izləyəcəm. Əslində, bu komandaların heç biri mənim üçün yad deyil. Çünki hələ yayda baş məşqçi təyin edilərkən, əvəzedici və aşağı yaşlı futbolçulardan ibarət komandalara da nəzarət etməyim tapşırılmışdı.

- İlk olaraq, görəcəyiniz işlər hansılar olacaq?
- Sabah bütün komandaların baş məşqçilərinin iştirakı ilə klub rəhbərliyinin iclası olacaq. Kimin nə işlə məşğul olacağını aydınlaşdıracağıq. Həm də komandalardakı vəziyyəti öyrənəcək, ehtiyaclarını müəyyənləşdirəcəyik. Yəni Tovuz futbol məktəbidir. Burada istedadlı uşaqlar çoxdur. Çalışacağıq ki, onlar diqqətdən kənarda qalmasınlar. Baxın, Premyer Liqa klublarında neçə nəfər bizim yetirməmiz olan futbolçu çıxış edir. Həm də biz yeni oyunçular yetişdirməklə, gələcəkdə “Turan”ın sırf öz uşaqlarımızdan formalaşmasına nail olmalıyıq. Klub rəhbərliyinin bununla bağlı planları var.

- Bəs baş məşqçi postundan ayrıldıqdan sonra komandanın oyunlarını izləyirsinizmi?
- “Neftçi” və MOİK-lə oyunlara baxmışam.

- Komanda necə təsir bağışlayırdı?
- Fikir bildirsəm, hərə bir cür yozacaq. Yaxşı olar ki, qoy baş məşqçi özü danışsın.