“Bakı” klubu sabiq vitse-prezidentinə cavab verdi
02.11.2010 - 00:06
“Bakı” klubu sabiq vitse-prezidentinə cavab verdi
“Bakı” kamerunlu futbolçusu Joel Epalle barədə yayılan xəbərlərə rəsmi mövqeyini açıqlayıb. Apasport.az-ın klubun saytına istinadən xəbərinə görə, bildirilir ki, son günlər afrikalı legionerin işgüzar fəaliyyətini şübhə altına salmağa yönələn qeyri-dəqiq məlumatlar yayılır. Bununla əlaqədar qeyd olunur ki, Joel Epallenin zədəli formada transfer olunması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil: “Epalle “Bakı” futbol klubuna 2010-cu ilin iyul ayında transfer olunub və komandamızın 26 iyun-09 iyul 2010-cu il tarixlərində Bittburqda (Almaniya) keçirdiyi təlim-məşq toplantısında iştirak edib. Epalle 06 iyul 2010-cu il tarixdə “Bakı”nın Lüksemburq çempionu “Jenes Eş” klubu ilə keçirdiyi yoldaşlıq oyununda zədələnib”.

Bildirilir ki, bu zədə professor L.Roslavski tərəfindən qeydə alınıb və zədənin səbəbi kimi ayağa endirilən zərbə göstərilib: “Epalle 28 sentyabr 2010-cu il tarixdə Arzt för Chirurgie/ Unfallchirurgie Durchgangsarzt klinikasında əməliyyat olunub. Futbolçumuzu müalicə edən alman professor Roslavski klubumuza Joel Epallenin zədəsi, müvəffəqiyyətli əməliyyatı və bərpa prosesi ilə bağlı ətraflı raport təqdim edib”.

Qeyd edək ki, Epallenin zədəli halda transfer edilməsi barədə açıqlamanı klubun sabiq vitse-prezidenti Nail Əliyev verib.