Tunc Afşar: Mən Vinfred Şaferin nə fikirləşdiyini bilmirəm
02.11.2010 - 00:09
Tunc Afşar: Mən Vinfred Şaferin nə fikirləşdiyini bilmirəm
“Vinfred Şafer kluba gələndən sonra gözlədiyimiz nəticələri qazana bilməyib. Komandadakı fəaliyyətinin buna qədər olan hissəsini ancaq pis qiymətləndirmək olar”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun sabiq vitse-prezidenti Tunc Afşar deyib.

O bildirib ki, Şaferin təcrübəsinə böyük ümidlər bəsləsə də, alman çalışdırıcıdan açıq narazılığını dilə gətirib: “Heç kim deyə bilməz ki, Şafer əvvəl işlədiyi ölkə və klublarda yaxşı nəticə göstərməyib. Bu illərdə xeyli titul qazanıb. İddiası olan komanda dalbadal bu qədər uduzursa, təbii ki, baş məşqçinin günahı da çoxdur. Demək olar, bütün oyunlara baxıram. "Bakı" meydana 11 nəfərlə çıxmır ki, qələbə çalsın. Hər dəfə 5-6 nəfərdən başqa oynayan olmur. Səbəbi özümə də qaranlıqdır. Ola bilsin, əksər futbolçuların Şeferdən narazılığı var. Bu narazılıq klubdan da, rəhbərlikdən də ola bilər. Ancaq yenə deyirəm, pis nəticələrə görə cavabdeh baş məşqçidir. Onun nə fikirləşdiyini bilmirəm. Sadəcə, qəbul edirəm ki, bu oyunla komandadan yaxşı nəticə gözləmirəm. Hansısa dəyişiklərə ehtiyac var".