Çernoqoriyanın ən yaxşı futbolçusu millimizə qarşı oynamayacaq
02.11.2010 - 12:50
Çernoqoriyanın ən yaxşı futbolçusu millimizə qarşı oynamayacaq
Çernoqoriya yığması Azərbaycanla yoldaşlıq görüşünə ciddi itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, tanınmış futbolçulardan olan Stefan Yovetiç noyabrın 17-də Podqoritsada baş tutacaq matçı buraxacaq. Buna səbəb 21 yaşlı oyun qurucusunun ağır zədələnməsidir.

Xaçabənzər bağları qırılan Yovetiç yarım illiyə sıradan çıxıb. İtaliyanın “Fiorentina” klubunun da liderlərindən olan Stefanın 21 yaşı olsa da, artıq Avropada kifayət qədər tanınır. Bir sıra güclü komandalar Yovetiçə elçi düşsələr də, futbolçu “Fiorentina”da qalmağı üstün tutur.

Ötən il çox gözəl oyun nümayiş etdirən futbolçu bunun bəhrəsini görüb. Belə ki, məhz Yovetiç ötən il Çernoqoriyanın ən yaxşı futbolçusu seçilib. Bununla da Stefan ölkəsinin ən tanınan futbolçusu, yığmasının kapitanı olan Mirko Vuçiniçin hegemonluğuna son qoyulub. İtaliyanın “Roma” klubunun 27 yaşlı hücumçusu Stefana qədər üç il dalbadal (2006, 2007 və 2008-ci illərdə) Çernoqoriyanın ən yaxşı futbolçusu seçilib.