Dünya çempionumuz cəzası bitməmiş yenə cəzalandı
02.11.2010 - 13:02
Dünya çempionumuz cəzası bitməmiş yenə cəzalandı
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, çempionatımızın son turunda qırmızı vərəqə olmasa da, cəzalanan klublar olub. “Qarabağ” – “Xəzər Lənkəran” oyununda hər iki komanda 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat cərimələnib. “Gəncə” – “Qəbələ” oyununun 57-ci dəqiqəsində meydançaya kənar əşyalar atıldığı üçün ev sahibləri 2000 manat cərimə ödəməli olacaq.

Ötən həftə Azərbaycan kubokunda baş verən xoşagəlməz olaylar da bu dəfə müzakirə olunub. Bunlar arasında ən diqqəti çəkən qərar kimi “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirovun cəzalanmasını qeyd etmək olar. O, “Şəmkir”i səfərdə 3:1 hesabı ilə yenərək, mərhələ adladıqları görüşdə hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klubu I divizion təmsilçisi olduğundan 500 manat cərimələnib.

Qeyd edək ki, 1987-88-ci ildə SSRİ yığmasının heyətində yeniyetmələr arasında dünya çempionumuz olan Qədirov cari mövsümdə ikinci dəfə cəzalanır. O, I divizionda “Şahdağ”la ev oyununda hakimi təhqir etdiyi üçün eyni cəza almışdı. Ancaq çempionatla kubokun cəzaları ayrı olduğu üçün, Qədirov Şəmkirdəki görüşdə texniki zonada yer almışdı. 40 yaşlı çalışdırıcının I divizionda cəzasının müddəti növbəti turdan sonra bitəcək.

Mənbə: pfl.az