Çernoqoriyalılar Bakıda tarixə düşən futbolçudan imtina etdilər
03.11.2010 - 00:05
Çernoqoriyalılar Bakıda tarixə düşən futbolçudan imtina etdilər
Çernoqoriya yığması Azərbaycanı çox yaxşı tanıyan futbolçudan imtina edib. Apasport.az saytının məlumatına görə, milli komandamızla noyabrın 17-də yoldaşlıq görüşünə heyəti açıqlayan baş məşqçi Zlatko Krançar təcrübəli yarımmüdafiəçi Branko Boşkoviçi kənarda qoyub.

30 yaşlı futbolçunun karyerasında iki önəmli olay Bakıda olub. Belə ki, Boşkoviç 1999-cu ilin iyulunda oynadığı “Srvena Zvezda”nın heyətində “Neftçi” ilə Tofiq Bəhramov adına Respublika stadionunda avrokuboklarda debüt edib. 3:2 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənən Branko vaxtilə Serbiya və Çernoqoriya yığmasında oynayırdı.

Məlum olduğu kimi, Çernoqoriya müstəqillik qazanana kimi Serbiya ilə bir ölkəni təmsil edirdi. Boşkoviç 12 görüş keçirdiyi həmin yığmada yeganə qolunu da Bakıda vurub. Bu, 2003-cü ilin iyunun 11-də “Şəfa” stadionunda keçirilən rəsmi oyundur. Yığmamızın əzmkar qələbə (2:1) qazandığı həmin oyun futbol tariximizə qızıl hərflərlə düşüb. Boşkoviç Dmitri Kramarenkonun qoruduğu qapıya yol tapsa da, yığmamız hücumçular Qurban Qurbanovun penaltidən və Fərrux İsmayılovun vurduğu qollarla bütün Avropada səs-küy yaradan qələbə qazandı.

2007-ci ildən Çernoqoriya yığmasında oynayan Branko 22 oyuna 1 qol vurub. O, yığmasının cari seçmə mərhələdə bütün görüşlərində iştirak edən 18 futbolçudan biridir. Bu yay Avstriya “Rapid”indən ABŞ-ın “Di Si Yunayted” klubuna keçən yarımmüdafiəçinin yol probleminə görə kənarda qalması ehtimal edilir. Belə ki, Okeanın o tayından Avropaya uçuş böyük vaxt tələb edir və bunu nəzərə alan Krançarın Boşkoviçi yoldaşlıq görüşünə çağırmaya lazım bilməyib.

Qeyd edək ki, Branko “Srvena Zvezda” ilə 2 dəfə ölkə çempionluğu, 3 ölkə kuboku, PSJ ilə Fransa kuboku, “Rapid”lə 2008-ci ildə Avstriya çempionluğu və Superkuboku qazanıb.