Vadim Borets: “Neftçi” ilə görüşdən həzz aldım - MÜSAHİBƏ
03.11.2010 - 12:57
Vadim Borets: “Neftçi” ilə görüşdən həzz aldım - MÜSAHİBƏ
“Bakı” klubunun moldovalı futbolçusu Vadim Boretsin apasport.az saytına müsahibəsi

- Həmyerliniz Vyaçeslav Sofroni ilə birgə əvəzedici komandaya göndərilsəniz də, qısa müddətdən sonra əsas heyətə qaytarıldınız. Baş məşqçi Vinfred Şaferin bu qərarı sizin üçün gözlənilməz olmadı ki?
- Yox. Çünki tezliklə qayıdacağıma inanırdım. Mənə demişdilər ki, bu həftə əsas komandanın məşqlərinə qatılacaqsan. Belə də oldu. “Neftçi” ilə oyundan sonra yenidən əsas komandanın hazırlığında iştirak edirəm. Növbəti turda “Gəncə” ilə səfər oyununa hazırlaşırıq. Həmin görüşdə forma geyinəcəyimə ümid edirəm. Baş məşqçinin mənə şans verəcəyini gözləyirəm.

- İndi Şaferin sizə münasibəti necədir?
- Əvvəl necə idisə, indi də elə. Heç bir problem, münaqişə yoxdur. Adi qaydada məşq edirik. Baş məşqçi nə tapşırırsa, ona əməl edirik. Ancaq uğursuzluğun səbəbini deyə bilmərəm.

- Baş məşqçi sizi niyə qısa müddətdən sonra geri qaytardı?
- Bu, onun qərarıdır.

- Yenidən əvəzedici komandaya göndərilə bilərsiniz?
- Bunu şərhsiz buraxım.

- Ötən həftə əvəzedici komandanın heyətində “Neftçi”ni 4:0 hesabı ilə məğlub etdiniz. Təəssüratlarınız necədir?
- Normal. Deyərdim ki, “Neftçi” ilə görüşdən həzz aldım. Xeyli vaxtdır meydana çıxmırdım, oynamaq istəyirdim. Əsas komandada ehtiyatda qalmaqdansa, əvəzedici heyətdə oynamaq yaxşıdır. Onu deyim ki, əvəzedici komandamızda yaxşı gənc futbolçular var. Meydanda sona kimi mübarizə aparırlar, qaçırlar, istəkləri böyükdür. Onlar “Bakı”nın gələcəyidirlər. Gənc futbolçularımızın gələcəyinə nikbin baxıram. Onlar bir neçə ildən sonra “Bakı”nın əsas futbolçuları olacağına inanıram.

- 3 il oynadığınız “Neftçi”ni böyük hesablı məğlub etməyiniz sizi çoxmu sevindirdi?
- Bu qələbə əvəzedici komandamız üçün çox vacib idi. “Bakı” liderliyə yüksəldi. Belə hesab əsas komandaların oyununda qeydə alınsaydı, daha yaxşı olardı. Mən onda bu nəticəyə daha çox sevinərdim.

- “Gəncə” ilə səfər matçı çətin olacaq. Hər halda, bu komanda evdə uduzmayıb, inamlı təsir bağışlayır. “Uğursuzluq zolağı”ndan çıxa bilməyən “Bakı” son 3 görüşdə meydanı məğlub tərk edib. Belə olan halda, hansı nəticəyə ümid edirsiniz?
- Biz həmin oyunda mütləq 3 xal qazanmalıyıq. Çünki çoxlu xal itirmişik və artıq qələbə qazanmağın vaxtıdır. Başqa çarəmiz yoxdur. Onsuz da rəqiblərimizdən xeyli dala düşmüşük. Klub rəhbərliyinin qarşısına qoyduğu vəzifəni yerinə yetirməliyik. Hələ mövsüm öncəsi çempionluq, kubok qazanmağı qarşımıza qoymuşuq. Avrokuboklarda oynamaq istəyiriksə, turnir cədvəlində yuxarılara qalxmalıyıq. İndiki vəziyyətimiz ürəkaçan deyil. 8-ci pillədəyik, “altılıq”dan kənarda qalmışıq. Bundan sonra da xal itirsək, vəziyyətimiz daha da pisləşəcək, hətta “altılıq”dan kənarda qala bilərik. Mən bu haqda heç düşünmək belə istəmirəm. Rəqiblərimizə çatmaq üçün qələbələrimizi sıralamalıyıq. Xal ehtiyatımızı artıra bilməsək, işimiz çox çətin olacaq.