Azərbaycanlı futbolçu Maradona ilə bir arada - FOTO
03.11.2010 - 13:14
Azərbaycanlı futbolçu Maradona ilə bir arada - FOTO
Dünya futbolunun əfsanələrindən sayılan Dieqo Maradonanın 50 illik yubileyinə Bolqarıstan mətbuatı da biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, 1960-cı il oktyabrın 30-da anadan olan dahi argentinalının yubileyindən bir neçə gün keçsə də, onunla bağlı yazılar dərc olunmaqdadır.

Bolqarlar Maradona ilə eyni gündə anadan olan tanınmış futbolçuların siyahısını da tərtib ediblər. Elə ən maraqlısı da odur ki, həmin siyahıda Azərbaycan futbolu da təmsil olunub. Özü də bu, hansısa üzdə olan futbolçumuz yox, ölkəmizdə də çoxlarının unutduğu Elşən Qəmbərovdur.

Hazırda ABŞ-da yaşayan milli komandamızın sabiq üzvünü də Maradona ilə bir araya qoyan bolqarlar onların hər ikisinin eyni heyvan – Siçan ilində doğulduğunu qeyd ediblər. Belə ki, Elşən argentinalıdan düz 12 il sonra dünyaya gəlib.

Qeyd edək ki, Maradona ilə eyni gündə anadan olanların siyahısında 1996-cı ildə Avropa çempionu titulunu qazanan Freddi Bobiç və Ştefan Kunts da var. Bu hücumçular yığmamızın hazırkı baş məşqçisi Berti Foqtsun rəhbərlik etdiyi Almaniya yığması ilə qitə çempionu olmuşdular. Karyerasını davam etdirənlərdən isə vaxtilə Rəşad Sadıqovla yanaşı “Kayserispor”da oynamış, indi isə “Bursaspor”un uğurları üçün çalışan bolqar qapıçı Dimitar İvankov da var.