Rusiyalı məşqçi Bakıda aldanıb: Onlar bir söz deyib, başqasını edirdi
16.12.2010 - 11:34
Rusiyalı məşqçi Bakıda aldanıb: Onlar bir söz deyib, başqasını edirdi
“Azərbaycan mənə tanış ölkədir. Ötən qış Bakıya gəlmişdim. Həmin vaxt karyeramı ölkənizdə davam etdirə bilərdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında Qırğızıstanın “Neftçi” klubunun baş məşqçisi Aleksandr Krestinin deyib.

“Birlik kuboku” turnirində Bakının “İnter” klubu ilə eyni qrupa düşən Koçkor-Ata təmsilçisi yarışın ən gənc çalışdırıcısına malikdir. Belə ki, cəmi 32 yaşı olan Krestininin həmyaşıdlarının çoxu hələ də futbol oynayır.

Karyerasını erkən bitirən rusiyalı çalışdırıcı ölkəmizdə oynamaq variantının olduğunu bildirib: “Standard”dan təklif almışdım. Bakıya məşqçi yox, futbolçu kimi yollanmışdım. Müqavilə bağlamaq lazım idi. Ancaq müqavilənin detalları ilə bağlı əməkdaşlıq baş tutmadı. Rəhbərliklə maliyyə məsələlərində razılaşa bilmədik. Ona görə də ölkənizi tərk edərək, Qırğızıstandan aldığım təklifi dəyərləndirməyə yollandım”.

Məlum olduğu kimi, “Standard” ötən mövsümün sonunda Premyer Liqada yerini qoruya bilmədi. I diviziona düşən komanda dağılaraq, tarixin yaddaşına qovuşdu. Krestinin bundan xəbərsiz olmadığını deyir: “Bilirəm. Bu, klub rəhbərliyin effektsiz işinin nəticəsi idi. Hər şeyi yoluna qoyub, yaxşı çıxış etmək olardı. Komandadakı futbolçular pis deyildi. Ancaq rəhbərliyin əməlləri aydın deyildi. Bir söz deyirdilər, ancaq sonradan başqa şey edirdilər. Məncə, kluba rəhbərlik edən şəxsin özü elə hər şeyi dağıtdı. Təlim-məşq toplanışı zamanı onunla tanış oldum və məndə belə təəssürat oyandı”.

Mehman SÜLEYMANOV