Toni Adams: Burda ən çox bəyəndiyim paxlavadır - MÜSAHİBƏ
21.12.2010 - 13:07
Toni Adams: Burda ən çox bəyəndiyim paxlavadır - MÜSAHİBƏ
Ölkə çempionatının XVIII turunda AZAL-la qarşılaşan “Qəbələ” qələbə qazanmağa çox yaxın olsa da, sonda 1 xalla kifayətləndi. 2 top fərqi ilə öndə olmasına baxmayaraq, qonaqlar bu üstünlüyü qoruya bilmədi. Meydan sahibləri matçın son saniyələrində məğlubiyyətdən qaçmağı bacardılar. Oyundan sonra apasport.az saytına müsahibə verən “Qəbələ” klubunun baş məşqçisi bu qarşılaşma və gələcək planlar barədə danışıb.

- Qələbəni son anda əldən verdiyinizə görə təəssüflənirsinizmi?
- Xeyr, bu futboldur. Heyətimizdə kifayət qədər zədəli futbolçular var. Arif İsayevlə Saşa Yunisoğlu meydana xəstə halda çıxmışdılar. Buna baxmayaraq, qələbə qazana bilərdik. Son dəqiqələrdə qapımızdan top buraxdıq. Zədəli futbolçularımızın çoxluğunu nəzərə alsaq, nəticəni normal saymaq olar.

- Oyunla bağlı fikirlərinizi mətbuat konfransında bildirdiniz. Amma diqqətimizi cəlb edən o oldu ki, ilk yarıda bir dəqiqə olsa belə yerinizdə əyləşmədiniz və futbolçulara göstərişlər verdiniz. Ancaq ikinci hissədə sizi ayaq üstə görmədik. Nə baş vermişdi?
- Ayaq üstə olanda, ancaq meydanda olan futbolçulara göstəriş verirəm. Ancaq zədəli və ehtiyat oyunçular skamyasında əyləşənlərlə də söhbət etməyə ehtiyac yaranır. Onlara meydana çıxanda hansı işləri görəcəklərini başa salıram. Ona görə ikinci hissədə ayaq üstə çox qalmadım.

- 3 xalı qazana bilməməyinizdə bunun rolu oldumu?
- Düşünürəm ki, Nodarın gözlənilmədən meydanı tərk etməsi oyun nizamını pozdu. Yəni, qələbəni əldən verməyimiz oyunçularla bağlıdır.

- Belə çıxır ki, sizin B planınız yoxdur?
- Bizim nəinki B, hətta C və D planımız da var. 13 oyundur ki, məğlub olmuruq. Bunlar hamısı planlarımızın nəticəsidir. Həm də müəyyən qədər vaxt lazımdır. Hər şey qaydasına düşəcək.

- Pavel Dorosevs 10 oyun idi qapısından top buraxmırdı. Onun bu seriyasının qırılmasına heyfslənirsinizmi?
- Əlbəttə. Ancaq digər yandan məğlubiyyətsiz oyunlar seriyamız davam edir. İnşallah, növbəti matçda da qələbə qazanarıq.

- Ehtiyatda qalan yerli futbolçuların hazırkı səviyyəsinin baş məşqçini qane etmədiyini düşünmək olarmı?
- Bəli, tək yerli yox, elə əcnəbi futbolçular da. Ancaq biz inkişafı düşündüyümüzdən, bu problemi akademiyamızın hesabına aradan qaldırmağa çalışacağıq. Bu gün tək Azərbaycanda deyil, həm də xaricdə yaxşı futbolçu axtarışını davam etdiririk.

- Mövsümün əvvəlində autsayderlər sırasında idiniz. Bu gün isə ilk “altılıq”da qərarlaşmısız və avrokuboklara vəsiqə uğrunda mübarizə aparmaq haqda düşünürsünüz. Hazırkı durumdan məmnunsunuzmu?
- Mövsümün əvvəlində uduzduğumuz görüşlərdə də komanda pis oynamırdı.

- 2010-cu il yekunlaşmaq üzrədir. İli necə dəyərləndirərdiniz?
- Burda olduğum müddətdə ən çox bəyəndiyim paxlavadır. Görürsünüz, kökəlmişəm.

- Bəs futbol sahəsi ilə bağlı nə deyə bilərsiniz?
- Komandanın istədiyim kimi oynaması, inkişaf etməsi üçün vaxt lazımdır. Biz daim inkişaf edirik.

- Gələn ay “transfer pəncərəsi” açılacaq. Heyətə dəvət etməyi düşündüyünüz futbolçular müəyyənləşib?
- Təbii ki, biz planlı şəkildə inkişaf etməyi düşünürük. Kimlərin gedəcəyi və dəvət edəcəyimiz futbolçuların siyahısı var. Ancaq bunlar daha çox yayda olacaq. Qışda heyətdə elə də dəyişiklik etməyəcəyik.

- Qəbələdə necə, darıxmırsınız?
- Bütün günü futbolun içindəyəm. Məşq, oyun və s. Yəni darıxmaq üçün boş vaxtım olmur.

- Yeni ili harada qarşılayacaqsınız?
- Ailəm Bakıya gəlməlidir. Sadəcə, yağan güclü qarla əlaqədar, İngiltərədə hava limanını bağlayıblar. Ona görə də onların səfəri yubanır. Ancaq ailəmin bura gələcəyinə ümid edirəm.

- Belə çıxır ki, bayramı Azərbaycanda keçirəcəksiniz?
- Açığı, qış vaxtı xizək sürməyi çox xoşlayıram. Ancaq Qəbələdə bununla bağlı inşa edilən kompleks hələ bir müddətdən sonra açılacaq. Ona görə də, bir həftəlik harasa gedəcəm. Cəmi 1 həftəlik. Daha sonra geri dönəcəm və futbolun içində olacam.

- 2011-ci illə bağlı arzularınızı bilmək maraqlı olardı.
- Ancaq qələbələr.