Yuşka Poşkusa kömək etdi
22.12.2010 - 12:57
Yuşka Poşkusa kömək etdi
“Qəbələ” klubunun qapıçısı Pavel Doroşev Latviya futbolunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı latviyalı ölkəsinin mütləq rekordunu imza atıb. Azərbaycan çempionatında 952 dəqiqəlik “quru seriya”ya nail olan Pavel “660” səddini aşaraq, İFFHS-in (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) siyahısına düşən ilk latviyalıdır.

Baltikyanı ölkələrin 2-ci göstəricinə imza atan qapıçı yalnız litvalı həmkarı Marius Poşkusdan geri qalıb. Bunda latviyalının seriyasını qıran Qvidas Yuşkanın da rolu olub. O, həmyerlisi Mariusa öndə qalmağa kömək edib. Doroşev keçmiş SSRİ məkanında 8-ci nəticəyə imza atıb və özündən öndə qərarlaşan 7 qolkiperdən fərqli, rekordunu vətəndən kənarda müəyyənləşdirib. Bu isə o deməkdir ki, Pavel MDB və Baltikyanı ölkələrin ən yaxşı legioner qapıçısıdır.

Ümumiyyətlə, İFFHS-in siyahısından keçmiş SSRİ məkanında ən yaxşı qapıçıların məhz Azərbaycanda olduğu aşkar hiss olunur. “Top-11”ə daxil olan 11 qapıçıdan 4-nün həmyerlimiz olması, belə deməyə əsas verir. Belə ki, Nizami Sadıqov, Camaləddin Əliyev və Elxan Həsənovla yanaşı, futbolumuzun yetirməsi olan Yuri Romenski də yer alıb.

Düzdür o, buna Ukrayna klubu ilə hələ SSRİ çempionatlarında imza atıb. Lakin ən yaxşı qapıçılar məktəbinin – Azərbaycanın yetirməsidir.

Postsovet məkanının ən uzun quru seriyaları

1. Denis Romanenko (“Zimbru”, Moldova) – 1154
2. Viktor Bannikov (“Dinamo” Kiyev, SSRİ) – 1127
3. Marius Poşkus (“İnkaras-Qrifas”, Litva) – 1109
4. Nizami Sadıqov (“Turan”, Azərbaycan) – 1106
5. Yuri Romenski (“Dinamo” Kiyev, SSRİ) – 1100
6. Andrey Lyubçenko (“Dnepr-Transmaş”, Belarus) – 973
7. Camaləddin Əliyev (“Qarabağ”, Azərbaycan) – 958
8. Pavel Doroşev (“Qəbələ”, Latviya) – 951
9. Martin Kaalma (“Levadiya”, Estoniya) – 946
10-11. Aleksandr Qoryainov (“Metallist”, Ukrayna) – 943
Elxan Həsənov (“Neftçi”, Azərbaycan) - 943