Tacikistan prezidentinin oğlu Azərbaycan çempionuna qarşı
24.12.2010 - 15:00
Tacikistan prezidentinin oğlu Azərbaycan çempionuna qarşı
Gələn il Rusiyada keçiriləcək “Birlik kuboku” turnirində çıxış edəcək Azərbaycan çempionu “İnter”in rəqibi olan Tacikistanın “İstiqlal” klubu digər komandalardan fərqləndirən özəlliyə malikdir. Apasport.az saytının məlumatına görə, Düşənbə təmsilçisinin heyətində Tacikistan prezidenti Emomali Rahmonun oğlu çıxış edir.

Özü də Rustami Emomali keçirdiyi matçlarda xoş təsir bağışlayır. Alimjon Rafikovun rəhbərliyi altında çıxış edən 23 yaşlı hücumçu ölkə başçısının 9 uşağından biridir. Gənc futbolçu eyni zamanda Tacikistan Futbol Federasiyasının vitse-prezidenti, Tacikistan Gənclər İttifaqının sədr müavini, İnvestisiyalar və Əmlak Komitəsinin Sahibkarlar idarəsinin sədri vəzifələrində də çalışır və Asiya Olimpiya Şurasının üzvüdür. O, bu il “İstiqlal”la həm çempion, həm də kubokun sahibi olub.

Qeyd edək ki, Tacikistan prezidentinin oğlu ilə Azərbaycan çempionunu görüşdürəcək “Birlik kuboku” yanvarın 14-23-də keçiriləcək.