“İndi rahatlıqla istirahət edə və ikinci dövrəyə hazırlaşa bilərik”
24.12.2010 - 16:35
“İndi rahatlıqla istirahət edə və ikinci dövrəyə hazırlaşa bilərik”
Bakının “İnter” komandasının kapitanı Vladimir Levin klubunun rəsmi saytına müsahibə verib. Apasport.az məlumatına görə, müdafiəçi Azərbaycan çempionatının XIX turunun “Gəncə” ilə oyunu haqqında fikirlərini açıqlayıb. O, həmçinin bitməkdə olan ilin yekunları və gələcək barədə danışıb.

- “Gəncə” ilə oyun asan keçmədi. Ancaq ən başlıcası qol vurmaq və qələbə qazanmaq mümkün oldu...
- Bəli, tamamilə doğrudur. Matç ağır oldu, qol vura bilmirdik. “Gəncə” bizə qarşı çox yaxşı müqavimət göstərdi. Müdafiədə kifayət qədər inamlı oynadı. Lakin biz görüşün gedişini xeyrimizə dəyişə bildik və matçın sonunda qələbə topunu vurduq. Sevindiricidir ki, ilin son qarşılaşmasında qalib gəldik. İndi rahatlıqla istirahət edə və ikinci dövrəyə hazırlaşa bilərik.

- Bəs 2010-cu ili “İnter” üçün necə dəyərləndirərdiniz?
- Bu il bizim üçün kifayət qədər məhsuldar oldu. İlk yarımildə “İnter” Azərbaycanın çempionu oldu. Bu, böyük uğur, böyük qələbədir. Cari mövsümdə hər şey istədiyimiz kimi alınmasa və liderlərdən bir qədər geridə olsaq da, bunu aradan qaldıraraq yüksək yerlər uğrunda mübarizə aparacağımıza ümid edirik. İlin ikinci yarısında hər şey mənim üçün də o qədər uğurlu alınmadı. Zədələndim və üç ay meydana çıxmadım. Allaha şükür, indi hər şey yaxşıdır və gələn il daha da yaxşı olacağına ümid edirəm. Fürsətdən istifadə edərək, hamını qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edirəm. Həmçinin “İnter”in heyətinə və klubun bütün azarkeşlərinə xoş arzularımı çatdırıram. İstəyirəm ki, gələn il onların bütün arzuları yerinə yetsin. 2011-ci il onlara xoşbəxtlik və uğurlar gətirsin.

- Amma azarkeşlər üçün ən böyük hədiyyə “İnter”in qələbələri olacaq...
- Bizi dəstəkləyən insanlara minnətdaram. Mən, elə bütün futbolçular da, gələn il də qələbələrimizlə azarkeşlərimizi sevindirməyə çalışacağıq.