Sabiq “Qalatasaray”lı “Xəzər Lənkəran”a doğru bir addım da atdı
24.12.2010 - 18:52
Sabiq “Qalatasaray”lı “Xəzər Lənkəran”a doğru bir addım da atdı
Neçə vaxtdır adı “Xəzər Lənkəran”la yanaşı hallanan Rumıniya millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Florin Bratunun keçidi reallaşmaq üzrədir. Apasport.az saytının məlumatına görə, hələ 2 ay əvvəl verdiyi müsahibədə Azərbaycana gəlişinə yalnız bir əngəlin olduğunu açıqlayan 30 yaşlı hücumçu artıq bu problemi də həll edib.

Belə ki, Bratu bu gün “Dinamo” ilə müqaviləni rəsmi şəkildə ləğv edib. Bu onun mütəmadi telefon əlaqəsi saxladığı “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin işini asanlaşdırıb. Yəni, artıq keçid üçün pul xərcləmək lazım olmayacaq.

Rumıniya millisində 14 oyuna 2 qol vuran Bratu karyerası ərzində “Traktorul”, “Rapid”, “Dinamo” (hamısı Rumıniya), “Qalatasaray” (Türkiyə), “Nant”, “Valansyenn” (hər ikisi Fransa), “Liteks” (Bolqarıstan) klublarının şərəfini qoruyub. 2003/04 mövsümündə şərəfini qoruduğu “Cim-Bom”un heyətində 25 matça 6 qol vurub. Bundan başqa, Çempionlar Liqasında İstanbul təmsilçisinin 2 oyununda 1 dəfə fərqlənib.

Türkiyəlilər Bratunu “Rapid”dən 2,1 milyon dollara transfer etmişdi. Florin Rumıniya çempionatı, kuboku, Superkuboku, həmçinin Bolqarıstan Superkubokunun qalibidir.

Qeyd edək ki, az öncə müqavilə ilə Buxarest “Dinamo”suna məxsus olan futbolçu icarə əsasında Bolqarıstanın “Liteks” komandasında oynayırdı.