“Ailəli deyiləm, amma uşağım olacaq”
28.12.2010 - 00:05
“Ailəli deyiləm, amma uşağım olacaq”
“Bakı” klubunun xorvatiyalı futbolçusu Ernad Skuliçin apasport.az saytına müsahibəsi

- Artıq qış fasiləsi başlayıb. Çempionatın arxada qalan hissəsi barədə nə deyə bilərsiniz?
- Çempionata çox pis başladıq. Amma ümid edirəm ki, qarşıdakı turlarda hər şey yaxşı olacaq. "Altılığ"a düşmək şanslarımız qalmaqdadır. "Qəbələ" ilə oyunu yaxşı keçirdik və layiqli qələbə qazandıq. Belə oynasaq, hamını udarıq.

- Pis başlanğıcın səbəbini nədə görürsən?
- Səbəbi yoxdur. Mən belə bilirəm. Ola bilsin, yeni futbolçuların çox olmasıdır. Futbolda olur belə şeylər. Fikir vermişəm, digər çempionatlarda da belə hallar olur. Çempionluğa oynayan komandalar ilk turlarda çətinliklə üzləşiblər, amma sonda çempion olublar. Məsələn, "Bavariya" və "Milan" kimi.

- Artıq 3 mövsümdür "Bakı"da oynayırsan. Hansı mövsümün daha gərgin keçdiyini düşünürsən?
- Hər 3 mövsüm çətin olub. Ola bilsin, bu mövsüm mənə çətin gəlsin, çünki o qədər də uğurlu başlamamışıq. Əvvəllər həmişə oyunumuz alınırdı. İndi bilmirəm nə olub.

- Az müddət ərzində bir çox məşqçi dəyişikliyi oldu. Bu məşqçilərdən hansı ilə işləmək sizə daha rahat idi?
- Hər bir məşqçini öz iş üsulu var. Mən kimin yaxşı, kimin pis olduğunu necə deyə bilərəm? Hər biri özünə görə məşqçidir. Hər birinin yaxşı və pis tərəfləri var. Hamısı ilə işləmək mənə rahat olub.

- Xorvatiya yığmasında forma geyinməmisiz. Azərbaycan millisindən belə bir təklif gəlsəydi, qəbul edərdiniz?
- Düşünürəm ki, mən artıq qocalmışam (gulur). 30 yaşım var. Olardı 25 yaş, məmnuniyyətlə oynayardım. Amma məncə, artıq gecdir. Qalan gücümü "Bakı"ya sərf etmək istəyirəm.

- Millimizin oyunlarıni izləyirsiniz?
- Bəli. Demək olar ki, çox qarşılaşmalarına baxmışam.

- Xorvatiya ilə Azərbaycan qarşılaşsa, hansı komanda qalib olar?
- Yəqin ki, Xorvatiya qalib gələrdi. 100 faiz udardılar, şübhə eləmirəm. Bizdə tam başqa futbol oynayırlar. Azərbaycan yığması hələ təzə başlayıb futbol oynamağa. Bəlkə 5-6 il sonra daha yaxşı oynayacaqlar. Amma bizdə artıq 10 ildir ki, güclü komanda var. Futbolçularımızın əksəriyyəti İngiltərə, İspaniya, ümumiyyətlə, bir çox güclü çempionatlarda forma geyinirlər. Amma sizinkilər yalnız öz çempionatında. Təkcə Rəşad Sadıqov və Mahir Şükürovdan başqa. Amma bu azdır.

- Bəs çempionatlarımızı müqayisə etsək?
- Ümumi götürəndə, Xorvatiya çempionatı zəifdir, amma sizin çempionatdan güclüdür.

- Nədə bizim çempionatdan güclüdür?
- Güclü futbolçular çoxdur. İstər yerli olsun, istərsə də legioner. Qiymətləri çox bahalıdır. Komandalarımız isə Çempionlar Liqası və Avroliqada mübarizə aparırlar.

- Sözündən belə çıxır ki, bizdə güclü futbolçu yoxdur?
- Elə demədim. Bəyəndiyim futbolçularınız var. Rəşad Sadıqov, Elvin Məmmədov, Vaqif Cavadov...

- Bakıda kiminlə yaşayırsan?
- Sevdiyim qızla. Ailəli deyiləm, amma yaxınlarda uşağım olacaq. Onun dünyaya gələcəyi günü səbirsizliklə gözləyirəm. Çoxdandır uşaq həsrətindəyəm. Bizdə adətdir, xoşuna gəldiyin qızla birdən-birə evlənmirlər. Onunla uzun müddət görüşürsən, bir yerdə yaşayırsan, sonra baxırsan ki, xasiyyətləriniz tutur, yoxsa yox. Qızla oğlanın münasibətləri, xarakteri bir-birini tamamlamalıdır. O olmadısa, xoşbəxt həyatdan danışmağa dəyməz.

- İndiki həyatından, qarşınıza çıxan qızdan razısınız?
- Özü də necə! Bir-birimizi işarədən başa düşürük. Axı uzun müddətdir bir yerdəyik. Yeni il öncəsi toy etməyi düşünürük. Görək Azərbaycan çempionatında əsas dövrə başlayanadək bunu edə bilərikmi... Fikrimiz qətidir.

- Toy harada olacaq?
- Xorvatiyada.

- Bizim toylarda olmusunuz?
- 1-2 dəfə.

- Xoşuna gəlib?
- Sizin toylar təmtəraqlı keçir. Çoxlu qonaq olur, masaların üstünə hər cür yemək qoyulur. Nə istəsən, hamısı orada var. Müğənnilər bir-bir oxuyur, adamlar rəqs edir. Maraqlı gəlir mənə. Heyf ki, sizinkilər kimi oynaya bilmirəm. Xorvatiyada toylar fərqli keçir. Mən müsəlmanam, hardasa adət-ənənələrimiz üst-üstə düşür. Toydan qabaq nişan olur, qız evinə gedirik. Toyun özünü isə sarayda keçirmirik. Bir geniş bağçada yer hazırlanır, dostların, tanışların ora gəlir.

- Azərbaycanda oynayan həmyerlilərinizlə münasibətiniz necədir?
- Çox yaxşı. Hər biriylə dostluq edirəm. Bir yerdə gəzirik, yemək yeyirik. Əvvəl onların sayı çox idi, indi azdır.

- Niyə?
- Hə bilim? "İnter"də, "Neftçi"də, başqa klublarda oynayan həmyerlilərimiz olub. İlk dəfə Azərbaycandan təklif alanda, onlarla məsləhətləşmişdim. Bəzi şeyləri soruşmuşdum, yaxşı cavab vermişdilər.

- Bura gəlməyinin səbəbkarı Qyoko Hacıyevskidir?
- Hacıyevski "Bakı"ya keçəndən sonra bizimlə əlaqə saxladı və klub barədə məlumat verdi. Azərbaycan Xorvatiyadan uzaqda yerləşsə də, onun dəvətinə "yox" deyə bilməzdik. Bilirdik ki, Hacıyevski hər klubda işləməz, "Bakı"ya gəlibsə, perspektiv var.

- Gümanların doğruldu?
- Birinci ildə nəticə qazanmasaq da, sonra ölkə çempionu olduq. Bu il də kuboku götürdük. Gümüş medalı da nəzərə alsaq, artıq 3 titulum var. Üç il üçün bu, yaxşı göstəricidir. Hacıyevski ilə bu gün bir yerdə işləməsək də, ona minnətdaram. Şadam ki, "Bakı"nı mənimlə tanış elədi. Onunla indinin özündə də yaxşı münasibətimiz var. Maliyyə vəziyyəti stabil klubun oyunçusuyam. Yaxşı və böyük kollektivimiz var. Burada pis münasibətdə olduğum insan tapmazsız. Rəhbərliyin öz yeri var, futbolçuların öz yeri. Ötən mövsüm Avropada "Levski" və "Bazel" kimi böyük keçmişə sahib klub önümüzü kəsdi. Bu dəfə isə bəxtsizliklə üzləşdik. "Buduçnost"u udmuşduq, UEFA-nın cəzası komandamıza pis təsir elədi. Psixoloji sarsıntı keçirdik. Nə etmək olar, mübarizəni davam etdirməliyik. Azərbaycan futbolunda stadionlardan başqa ciddi problem qalmayıb. Yaxşı meydançalar azdır, çoxu pis vəziyyətdədir. O da düzəlsə, çempionatın səviyyəsi artar, oyunlar maraqlı keçər. "Bakı" bu mövsüm də Avrokuboklara vəsiqə qazanacaq. Pis başlasaq da, mənim ümidim böyükdür ki, sona yaxın nəticələr də düzələcək. Avropada özünü göstərmək istənilən futbolçunun arzusudur.