Bosniyanın da ən yaxşı futbolçusu seçildi
28.12.2010 - 09:53
Bosniyanın da ən yaxşı futbolçusu seçildi
Almaniyanın “Volfsburq” klubunun bosniyalı kapitanı Edin Djeko karyerasında 2-ci dəfə ölkəsinin ən yaxşı futbolçusu olub. Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu ötən il qazandığı mükafatı qoruyub.

Edin “Lion”un yarımmüdafiəçisi Miralem Pyaniç, “Monpelye”nin müdafiəçisi Emir Spaxiç və “Qalatasaray”ın oyun qurucusu Zvezdan Misimoviçi qabaqlayıb.

Bu il yığmada və klubda 31 qol vuran hücumçu karyerasında 2-ci dəfə belə etimadın onun üçün təkcə böyük şərəf, həm də ciddi məsuliyyət olduğunu bildirib: “Mənim çox güclü rəqiblərim vardı. Ancaq əgər sonda mükafatı yığmadakı komanda yoldaşlarımdan kimsə alsaydı, bu, ədalətli olardı. Həm “Volfsburq”da, həm də yığmada çətin il gözləyirəm. Milli ilə Avro-2012-nin final mərhələsinə düşməyə çalışacağıq”.

Qeyd edək ki, Djeko 2008-ci ilin iyunun 1-də Azərbaycan milli komandası ilə yoldaşlıq görüşündə iştirak etməkdən boyun qaçırdı. Bu, onun millinin üzvləri ilə birgə istefaya göndərilən baş məşqçi Mexe Kodronun tərəfini saxlayıb, federasiya rəhbərliyinə qarşı çıxmaları ilə bağlı idi.