Maksim Medvedev: Rusiya, Almaniya və Hollandiyadan təklif almışam
28.12.2010 - 12:37
Maksim Medvedev: Rusiya, Almaniya və Hollandiyadan təklif almışam
“Əslində, Almaniya, Hollandiya və Rusiya klublarından təklif almışdım. Sadəcə, ciddi fikir vermədim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedev deyib.

Dünən Ağdam təmsilçisi ilə müqaviləsinin müddətini 2013-cü ilin iyununa qədər uzadan 22 yaşlı futbolçu bildirib ki, legioner həyatı yaşaya bilərdi. Real təkliflər aldığını vurğulayan Medvedev ən azı qarşıdakı mövsümü də Premyer Liqada keçirməyi və burada tam püxtələşdikdən sonra ölkə xaricinə çıxmağın düzgün olacağına inanır. Müqaviləsi 2013-cü ilin yayında bitəcək Medvedev 2012-ci ildə əcnəbi klublardan yaxşı təklif alsa, klub rəhbərliyi onun gedişinə problem yaratmayacaq: “Başa düşürəm, adıçəkilən ölkələrdə oynamaq daha çox məsuliyyət tələb edir. Baş məşqçi və klub rəhbərliyi ilə məsləhətləşdikdən sonra daha bir il burda oynamağa və bir qədər də püxtələşməyə qərar verdim. Ancaq gələn mövsümün sonunda real təklif alsam, rəhbərlik getməyimə şərait yaradacaq. Onlarla anlaşmamız belə nəzərdə tutulub”.