Amit Quluzadənin “Fənərbaxça”ya gedəcəyi tarix dəqiqləşdi
28.12.2010 - 14:26
Amit Quluzadənin “Fənərbaxça”ya gedəcəyi tarix dəqiqləşdi
Azərbaycan yığmasının futbolçusu Amit Quluzadə ilə maraqlanan “Fənərbaxça” klubundan “Neftçi” komandasına növbəti rəsmi müraciət daxil olub. Bu haqda apasport.az saytına 18 yaşlı yarımmüdafiəçinin şərəfini qoruduğu Bakı təmsilçisinin prezidenti Sadıq Sadıqov məlumat verib. O bildirib ki, bu gün “Neftçi”nin ofisinə “Fənərbaxça”dan faks gəlib.

İstanbullular ötən həftəsonu göndərdiyi rəsmi məktubda Amiti gələn ilin yanvarında təlim-məşq toplanışlarına dəvət etdiklərini göstərmişdilər. Sadıqov bu dəfə konkret tarixin yazıldığını bildirib: “Bu gün göndərdikləri rəsmi məktubda Quluzadəni yanvarın 2-də “Fənərbaxça”nın təlim-məşq toplanışına dəvət etdiklərini göstəriblər. Orada futbolçumuzu yoxlayacaqlar və buna heç bir etirazımız yoxdur. Amitin nə vaxta qədər orada olacağını yazmayıblar, ancaq Türkiyədə yolunu gözləyirlər. Qalan məsələlərə sonradan aydınlıq gələcək”.

Mehman SÜLEYMANOV