Apasport.az dünyanın ən yaxşı qapıçısını da düz tapdı
04.01.2011 - 10:45
Apasport.az dünyanın ən yaxşı qapıçısını da düz tapdı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən il dünyanın ən yaxşı qapıçılarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Madridin “Real” klubunun və İspaniya yığmasının kapitanı İker Kasilyas 2010-cu ilin ən güclü qapıçısı seçilib.

Özü də 2 ildə həm Avropa, həm də dünya çempionu olan 30 yaşlı futbolçu aşkar üstünlüklə sorğunun qalibi olub. Belə ki, 304 xal yığan İkerin ən yaxın izləyicisi olan “İnter” klubunun və Braziliya yığmasının qapıçısı Julio Sezar cəmi 124 xal toplayıb. Səsvermənin yekununda 3-cü çexiyalı Petr Çex (“Çelsi”, 56), 4-cü almaniyalı Manuel Noyer (“Şalke”, 53), 5-ci hollandiyalı Marten Stekelenburq (“Ayaks”, 48), 6-cı ispaniyalı Viktor Valdes (“Barselona”, 38), 7-ci uruqvaylı Fernando Muslera (“Latsio”, 37), 8-ci hollandiyalı Edvin van der Sar (“Mançester Yunayted”, 32), 9-cu italiyalı Canluici Buffon (“Yuventus”, 28), amerikalı Timoti Hovard (“Everton”, 15) olub.

Qeyd edək ki, apasport.az saytı artıq 2-ci dəfədir sorğuda qalibi düz tapır. İFFHS-in üzvü olan əməkdaşımız Vüqar Xeyrullayev yeni ilin ilk günlərində açıqlanan dünyanın ən yaxşı məşqçilərinin sorğusunda portuqaliyalı Joze Mourinyonu, bu dəfə isə Kasilyası 1-ci yerdə göstərmişdi və hər iki seçimi doğru olub.