Dmitri Kruqlovun komandası Avropa rekorduna doğru gedir
04.01.2011 - 11:28
Dmitri Kruqlovun komandası Avropa rekorduna doğru gedir
Estoniya milli komandası Avropada rekorda doğru gedir. Apasport.az saytının məlumatına görə, Bakının “İnter” klubunun futbolçusu Dmitri Kruqlovun oynadığı yığma UEFA-nın üzvü olan bütün ölkələrin milliləri ilə oynayan ilk komanda olmağa çox yaxındır. Məlum olduğu kimi, qitə futbol qurumuna Azərbaycanla birgə 53 ölkə daxildir. Estoniya yığmamız da daxil olmaqla, 51 ölkə ilə görüşüb. Onların oynamadığı yeganə milli Fransadır ki, bu da reallaşmalıdır.

Bunun mümkünlüyündən danışan Estoniya Futbol İttifaqının prezidenti Ayvar Poxlak oyunun gələn mövsüm keçiriləcəyinə ümid edir: “Bu oyunun keçiriləcəyi ilə bağlı artıq bir neçə dəfə söz verilib. Ancaq son vaxtlar Fransa Futbol İttifaqında insanlar daim dəyişir və bəzən razılığa gəlmək çox çətin olur. Ancaq indi işlər müsbət yöndə gedir və biz bir neçə vacib insanı köməyi çağırdıq. Nə vaxtsa bizə söz verilmişdi ki, oyun öz meydanımızda keçiriləcək. Ancaq hazırda razılığa gələ bilsək, görüşün Fransada keçirilməsi mümkündür. Biz gələn 2 ildə oyun keçirə biləcəyimiz tarixləri göstərib, onlara göndərəcəyik. Şifahi və yazılı müraciət daim gedir”.

Qeyd edək ki, yığmamız Estoniya ilə indiyə kimi seçmə mərhələlərdə bir qrupa düşməsə də, 6 dəfə yoldaşlıq görüşü keçirib. Bunlar 1-də biz (2:1), 2-də rəqib (0:1, 0:2) qalib gəlib, 3 oyun bərabərliklə (2 dəfə 0:0, 1 dəfə 2:2) nəticələnib.