Qəmbərovdan Məmmədovadək, yaxud Qazaxıstandakı elçilərimiz
05.01.2011 - 16:47
Qəmbərovdan Məmmədovadək, yaxud Qazaxıstandakı elçilərimiz
Ramiz Məmmədov “Atırau” klubunun baş məşqçisi təyin edilməklə, Azərbaycan futbol tarixində ilkə imza atdı. Apasport.az saytının məlumatına görə, 43 yaşlı mütəxəssis Qazaxıstanda işləyən ilk həmyerlimiz oldu.

Əslində, Qazaxıstanda futbolçularımız oynasa da, onların sayı çox olmayıb. Bunlar Məmmədov kimi yığmamızın sabiq futbolçuları - qapıçı Dmitri Kramarenko, müdafiəçi İlqar Əbdürrəhmanov və yarımmüdafiəçi Elşən Qəmbərovdur. Özü də ilk iki futbolçu 2004-cü ildə “Jenis”də komanda yoldaşı olublar.

Düzdür, 37 yaşlı Dmitri Astana təmsilçisindən debüt etmədən ayrılıb. 32 yaşlı İlqar isə “Jenis”in əsas heyət oyunçularından biri kimi keçirdiyi 28 görüşdə 3 qol vurub. Kramarenko ilə Əbdürrəhmanov Qazaxıstandan vətənə dönüblər. Qapıçı “Karvan”, müdafiəçi “Xəzər Lənkəran” klubuna keçib.

39 yaşlı Qəmbərov isə Qazaxıstanda oynayan ilk futbolçumuz kimi tarixə düşüb. O, 2002-ci ildə “Yesil-Boqatır” klubunda çıxış edib. Pavlodar təmsilçisində 10 oyun keçirən Elşən 2003-cü ildə yenidən Özbəkistana qayıdıb. Yüksək liqada oynayan bu “üçlük”dən yalnız Kramarenko karyerasını davam etdirərək, Bakının “İnter” klubunda oynayır.

Mingəçevir futbol məktəbinin yetirməsi olan Məmmədov karyerasının ilk vaxtları yerli “Kür” klubu (sonradan “Kür-Nur”) ilə bağlı olub. Sonradan “Qarabağ”, “Neftçi”, “Kəpəz”, “Şəfa”, “Turan”da oynayan keçmiş müdafiəçi karyerasını sonuncuların heyətində 8 il öncə bitirib. 2004/05 mövsümünün əvvəlində “Karvan”la oyunda aldığı ağır zədədən sonra yaşıl meydana qayıda bilməyən Məmmədov Naci Şensoyun rəhbərliyi altında az müddət oynadı. “Turan”a İrandan gələn həmyerlimiz orada “Peykan” klubunda çıxışı ilə tanınıb.

Məmmədovun futbolçu karyerasının ən böyük uğurlarından biri Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) dünyanın ən məhsuldar müdafiəçilərinin siyahısında uzun müddətdir yeganə təmsilçimiz olmasıdır. Azərbaycan və İran çempionatlarında 285 oyuna 64 qol vuran həmyerlimiz siyahıda 34-cü yerdə gedir. Ora isə ötənlərin məşhur hollandiyalı müdafiəçisi Ronald Kuman 193 qolla xeyli vaxtdır başçılıq edir.

Məşqçilik karyerası “Qəbələ” klubuna bağlı olan Məmmədov 4 il bu komandanı çalışdırıb. 2006-cı ilin payızında Faiq Cabbarovun yerinə baş məşqçi postuna gətirilən çalışdırıcı güclülər dəstəsində debütdə “Gilan” adlanan komandaya rəhbərlik edib. Həmin mövsüm 11-ci olan komanda növbəti mövsümdən indiyə kimi “Qəbələ” adını daşıyır. Komanda Məmmədovla 6-cı (2007/08 mövsümü), 10-cu (2008/09) və 6-cı (2009/10) olub, Azərbaycan kubokunda ən böyük uğuru yarımfinala çıxmasıdır.

Ötən mövsüm bitəndə “Qəbələ”nin baş məşqçi postunu məşhur ingilis həmkarı Toni Adamsa təhvil verən çalışdırıcı bundan sonra ili boşa vermədi. Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Luis van Qalın rəhbərliyi altında təcrübə keçən Məmmədov dekabrın sonunda Ukraynada məşqçilikdə ən yüksək kateqoriya olan “Pro”nu aldı. Məhz bundan sonra onun “Atırau”ya baş məşqçi təyinatı reallaşdı. Həmyerlimiz klubla “1+1” il şərti ilə müqavilə imzalayıb.

Mehman SÜLEYMANOV