“Qalatasaray”la bizim klubların məşqində fərq yoxdur” - MÜSAHİBƏ
05.01.2011 - 18:33
“Qalatasaray”la bizim klubların məşqində fərq yoxdur” - MÜSAHİBƏ
Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi

- Neçə gündür Türkiyədə “Qalatasaray” klubunun düşərgəsindəsiniz. Səfəriniz necə keçir?
- Hər şey qaydasındadır. İstanbul təmsilçisinin məşqlərini izləyirəm. Dünən 2 hazırlıqda iştirak etmişəm. Komanda səhər və axşam məşq keçir. Bu gün də hər 2 məşqə qatıldım. Təbii ki, hazırlıqları kənardan izləyirəm.

- Məşq zamanı hansısa özəlliklə rastlaşdınızmı? “Qalatasaray”ın hazırlıqlarında bizin komandalarda olmayan nə isə varmı?
- Xeyr, “Qalatasaray”la bizim komandaların məşqi eynidir. Məşqlər eyni cür keçirilir, həm taktiki, həm də digər hazırlıqlarda fərq yoxdur.

- Türkiyə təmsilçisinin baş məşqçisi Georgi Hacı ilə söhbət etmisiniz...
- Bəli. Bu, dünənki məşqdən sonra oldu. Qısaca söhbət etdik.

- “Karpat Maradonası” ilə nə haqda danışdığınız maraqlıdır...
- Məndən Azərbaycan çempionatı ilə bağlı bəzi şeylər soruşdu. Yarışın hansı sistemlə keçirilməsi, “Neftçi”nin neçənci yerdə qərarlaşması və qarşıdakı oyunlarımızla maraqlandı.

- Bəs ümumi futbolumuz, yığmamız?
- Həm söhbətimiz qısa alındı, həm də ki, bildiyiniz kimi “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Hacının həmyerlisidir. Elə bu səbəbdən də Rumıniya mətbuatı futbolumuz haqda kifayət qədər yazır və Hacının ümumi məlumatı var idi.

- Çempionatda növbəti oyununuz ən yaxın izləyiciniz, Hacının həmyerlisi olan Rednikin komandasına qarşı olacaq. Maraqlıdır, Hacı bunu biləndə hansı münasibət bildirdi?
- Bu haqda heç nə demədi.

- Sabiq köməkçiniz Covanni Melkiorre də “Qalatasaray”da çalışır. Onunla görüşüb, söhbət edə bildinizmi?
- Onunla da məşqdən sonra qısa danışdıq. Türkiyəlilər komandamız, çempionatımız barədə ondan da məlumat alıblar.

- Melkiorre yeni iş yerinə keçməsi haqda nə isə danışdı?
- Onun “Neftçi”dən ayrılması artıq arxada qalıb. Bu haqda danışmadıq da.

- Amit Quluzadənin də Türkidə olduğundan xəbəriniz var? O, düşərgəsində olduğunuz “Qalatasaray”ın əzəli və prinsipial rəqibi “Fənərbaxça”nın toplanışına qatılıb...
- Mənə bu haqda xəbər verdilər. Bakıya qayıdandan sonra rəhbərliklə görüşüb, bu məsələ haqda bir daha danışacağıq.

- Hazırda Türkiyədə olan Amitlə əlaqə saxlamısınız?
- Yox. İlk növbədə klub rəhbərliyi ilə danışıb vəziyyətlə tanış olacağam.

Vüqar XEYRULLAYEV