“Lans”a getməyən futbolçunun “Xəzər Lənkəran” xəyalları
06.01.2011 - 00:17
“Lans”a getməyən futbolçunun “Xəzər Lənkəran” xəyalları
Rumıniya mətbuatı “Xəzər Lənkəran”a transfer olunacaq futbolçuların siyahısına daha birini əlavə edib. Apasport.az saytının məlumatına görə, həmkarlarımız bu dəfə milli komandanın mərkəz hücumçusu Marius Nikulaenin Azərbaycana keçmək variantını müzakirəyə çıxarıb.

Buxarest “Dinamo”sunda oynayan 30 yaşlı futbolçu Fransanın “Lans” klubuna keçməli idi. Lakin sonuncuların qarşılaşdığı maliyyə problemləri üzündən onlar Nikulae sevdasının üstündən xətt çəkiblər. Belə vəziyyətdə rumın jurnalistlər Marius üçün yeni müştəri fikirləşiblər.

Nikulae isə “Xəzər Lənkəran” variantına inanmır: “İnanmıram ki, karyeramı Azərbaycanda davam etdirməyim mümkün olsun. Mən görürəm ki, Mirça Rednik baş məşqçisi olduğu komandaya əsasən “Styaua” və “Rapid”in futbolçularını aparır. Mən isə “Dinamo”nun üzvüyəm. Həm də klubum məni pulsuz buraxmaz”.

Qeyd edək ki, “Dinamo” klubu ilə yanaşı, “Sportinq” (Portuqaliya), “Standard” (Belçika), “İnverness” (Şotlandiya) və “Mayns”ın (Almaniya) da şərəfini qorumuş Nikulae Rumıniya yığmasında 40 oyuna 13 qol vurub.