Ruslan Abışov: Artıq vaxtdır!
06.01.2011 - 00:05
Ruslan Abışov: Artıq vaxtdır!
“İldən ilə milli komandada inkişaf gedir. Düzdür, səfər oyunlarını buna aid etmək olmaz. Çünki nə qədər ki, futbolçularımız ölkə çempionatında çıxışı edirlər, rəqib meydanında uğur qazanmaq çətin olacaq. Bakıda bütün rəqiblərimizdən xal almaq gücündəyik. Ancaq əvvəllər belə deyildi”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov deyib.

Millinin 2010-cu ildəki çıxışı barədə fikirlərini açıqlayan “Neftçi” klubunun futbolçusu yanvarın sonu, fevralın əvvəllərində baş tutacaq toplanış haqda da danışıb. O, bu ay həm klubun, həm də millinin düşərgəsində təlim-məşq toplanışı keçirməyə hazır olduğunu qeyd edib: “Hər zaman istəmişəm ki, yığmanın toplanışları olsun və həvəslə hazırlıqda iştirak edək. Klubda nə üçün oynayırıq? Əlbəttə, milli üçün”.

Macarıstanla keçiriləcək beynəlxalq yoldaşlıq oyunu haqda da danışan futbolçu gücü rəqiblərlə qarşılaşmağın ancaq faydalı olacağını düşünür: “Macarıstan kifayət qədər güclü komandadır. Seçmə oyunlar öncəsi təcrübə baxımından bu qarşılaşmaların ancaq faydası olacaq. Yeni oyunçular var. Onlar da özlərini göstərməlidirlər”.

Qrup mərhələsi çərçivəsində milli komanda bu il evdə daha çox oyun keçirəcək. Abışov bundan istifadə etməyin və yığmanın tarixindəki ən yaxşı göstəriciyə imza atmağın zamanının çatdığını vurğulayıb: “Yenə deyirəm, doğma meydanda əksər rəqiblərimizi məğlub edə bilərik. Səfərə də turist kimi yollanmayacağıq. Məqsədimiz maksimum xal toplamaq və yığmanın tarixindəki ən yaxşı göstəriciyə imza atmaqdır. Buna potensialımız var. Heç bir rəqibdən çəkinməməliyik”.