Ceyhun Sultanov: Təklif almışam, amma klubdan buraxmırlar
06.01.2011 - 00:15
Ceyhun Sultanov: Təklif almışam, amma klubdan buraxmırlar
“8-9 gün idi Bakıda deyildim. Ailəmlə birgə Dubaya yollanmışdım”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun yarımmüdafiəçisi Ceyhun Sultanov deyib.

Zədə üzündən komandasının bir neçə oyununu buraxmaq məcburiyyətində qalan futbolçu artıq bu problemi yoluna qoyub. Müalicəsini davam etdirən Sultanov gələn həftə başlayacaq hazırlıq prosesinə qatılacaq: “Zədəmi tam sağaltmışam. Hazırlıq prosesinə qatılacam”.

Dubaya səfəri barədə də danışan futbolçu Yeni ili ölkə xaricində qarşılayıb: “Birləşmiş Ərəb Əmirliyinə dincəlməyə getmişdik. Yeni il bayramını da orda qeyd etdik. Səfər zamanı İrana da getdim, həkim müayinəsindən keçdim”.

Son vaxtlar “Gəncə” klubunun dağılması ilə bağlı müxtəlif söz-söhbətlər yayılıb. Bundan xəbərsiz olan futbolçu tezliklə klub prezidenti Elmir Əliyevlə danışacağını qeyd edib: “Xəbərim yoxdur. İnternet vasitəsilə müəyyən informasiya toplamağa çalışırdım. Azərbaycana yenicə dönmüşəm. Bu gün Elmir müəllimlə danışacağam və məsələnin nə yerdə olacağını öyrənəcəyəm”.

Bu arada bir neçə klubdan təklifi alan Ceyhun əslində bunları dəyərləndirmək istəyir. Ancaq klubla müqaviləsinin hələ yayda başa çatacaq olması onun əl-qolunu bağlayıb: “Təkliflər var. Lakin klubdan buraxmırlar. Yaya qədər onlarla müqaviləm var. Ona görə də qalmaq məcburiyyətindəyəm”.