Ramiz Məmmədov “Atırau”ya daha bir azərbaycanlı məşqçi apardı
06.01.2011 - 11:13
Ramiz Məmmədov “Atırau”ya daha bir azərbaycanlı məşqçi apardı
Qazaxıstanın “Atırau” klubunun baş məşqçisi Ramiz Məmmədov daha bir köməkçisini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Yeni ilin ilk günlərində təyinat alan Məmmədovun “Qəbələ”də birgə çalışdığı Mehman Baxışovdan sonra köməkçisi həmyerlisi – Elxan Abdullayev olub.

43 yaşlı çalışdırıcı ötən ilin sonunda Ukraynanın paytaxtı Kiyevdə məşqçilikdə ən yüksək kateqoriya sayılan “Prp”nu birgə aldığı Abdullayevi seçib. 41 yaşlı məşqçi də Məmmədov kimi “Atırau”nun təlim-məşq toplanışı keçdiyi Türkiyənin Antalya şəhərinə yollanıb.

Qeyd edək ki, Abdullayev baş məşqçi kimi “Dinamo” (sonradan “Bakı”) və “Qarabağ”da çalışıb. Onun karyerasının çox hissəsi köməkçi məşqçiliklə bağlıdır. Gənc çalışdırıcı gənclər yığmamızda Əsgər Abdullayevin, milli komandamızda braziliyalı Karlos Alberto Torres, Vaqif Sadıqov və almaniyalı Berti Foqtsun, 2007-10-cu illərdə “İnter”də ukraynalı Valentin Xodukin və gürcü Kaxaber Sxadadzenin yardımçısı olub. Abdullayev 2 dəfə çempion olduğu “İnter”dən ötən yay öz istəyi ilə gedib.