Aleksandr Starkov: Doroşevin yığmaya düşməsi asanlaşacaq
07.01.2011 - 00:00
Aleksandr Starkov: Doroşevin yığmaya düşməsi asanlaşacaq
“Bilirsiniz, futbolçunun yığmaya çağırılmasından danışırıqsa, söhbət heç də ad və səviyyədən getmir. Ölkənizdə oynayan Pavel Doroşevin millidə yetərincə güclü rəqibləri var”. Bu fikirləri apasport.az saytına açıqlamasında Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov deyib.

Artıq 3 ildir “Qəbələ” klubunda oynayan latviyalı qapıçı Pavel Doroşev Azərbaycana gələndən sonra milli komandasına çağırılmır. Halbuki, Pavel təcrübəli qapıçı kimi inamlı oyunu ilə seçilir və cari mövsümdə 952 dəqiqə qol buraxmamaqla, rekord müəyyənləşdirdi.

Amma Doroşevin yığmaya çağırılması ilə bağlı arzusu ürəyində qalıb. Starkov bunu millidə rəqabətlə əlaqələndirir: “Yığmamızın əsas qapıçıları İsveçrənin “Syon” klubunda oynayan Andrey Vanin və son mövsümü Rusiya Premyer Liqa təmsilçisi olan Nalçik “Spartak”ında bitirən Aleksandr Kolinkodur. Doroşev ilk növbədə ona görə çağırılmır ki, yığmada belə güclü, daha təcrübəli, tanınmış qapıçılar var. Yığma ilə bağlı mövqeyim belədir ki, yaşa önəm vermirəm. Mən heç vaxt futbolçunun pasportuna baxmıram. Əgər Pavelin şansı olarsa, həmişə bunu alacaq. Əsas odur ki, futbolçu bunu əldən buraxmasın”.

Məlum olduğu kimi, yığmanın hər toplanışına, oyununa adətən 3 qapıçı çağırılır. Yəni Starkov Doroşevi heç olmasa 3-cü qapıçı kimi çağıra bilər. Ancaq təcrübəli çalışdırıcı bunun əvəzində “Xəzər Lənkəran”da daha çox ehtiyatda, yığmamızın qapıçısı Kamran Ağayevin kölgəsində qalan və sonda kənarlaşdırılan Denis Romanova dəvət göndərirdi: “Romanov yığmanın üzvüdür, necə deyərlər, sınaqdan çıxmış oyunçudur. Əgər onun klubda işləri yaxşı getmirsə, oynayıb-oynamamağı – bunlar mənim üçün az əhəmiyyətlidir. Denis yaxşı futbolçu, idmançıdır. Yenə təkrar edirəm ki, Doroşev yığmaya düşməsi üçün ciddi rəqabətlə üzləşib. Ancaq mən ona çox müsbət yanaşıram. Çox şadam ki, Pavelin Azərbaycan çempionatında işləri yaxşı gedir”.

Starkovun “Bakı” klubunun baş məşqçi postuna gəlişi gündəmdədir. Bu reallaşarsa, onun gözü qabağında olacaq Doroşevin bəxti açıla bilər: “Sizinlə razıyam. O zaman hər şey sadə olacaq və Pavelin yığmaya düşməsi daha da asanlaşacaq”.

Qeyd edək ki, Starkov ölkəmizdə oynayan həmyerlilərindən “Qarabağ”ın yarımmüdafiəçisi Andrey Rubinlə “İnter”in hücumçusu Girts Karlsonu yığmaya çağırır.

Mehman SÜLEYMANOV