Əfran İsmayılov klubunu dəyişməyi qətiləşdirdi
07.01.2011 - 00:03
Əfran İsmayılov klubunu dəyişməyi qətiləşdirdi
“Bu gün Türkiyəyə gedirəm. Səfərin məqsədi səhhətimlə bağlıdır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Zədə üzündən komandasının keçirdiyi 18 oyunda iştirak etməyən futbolçu fasilədən sonra bunun qarşılığını vermək istəyir. Artıq kollektiv məşqlərə qatılmaq niyyətində olan İsmayılov Türkiyədə yenidən müayinədən keçəcək. Həkimlərin rəyindən sonra həmyerlimiz məşqlərə qatıla biləcək: “Ayağımı yoxlayacaqlar. Müayinədən sonra komanda ilə nə vaxtdan məşq edə biləcəyimi deyəcəklər. Yəni ola bilsin, dərhal, ola bilsin bir həftədən sonra məşqlərə qatılım”.

Özünü yaxşı hiss etdiyini deyən İsmayılov zalda futbol oynamamasının səbəbini isə belə izah edib: “Özümü yaxşı hiss edirəm. Ayağımın gücləndiyini düşünürəm. Fərdi şəkildə məşq etsəm də, zalda uşaqlarla futbol oynamıram. Bir qədər tez olduğunu düşünürəm”.

Transfer məsələsinə də toxunan yarımmüdafiəçi formasını bərpa etdikdən sonra mütləq ölkə xaricinə yollanacağını deyib: “Zədə yayda xaricə getməyimə mane oldu. Həm də “Qarabağ”ı belə çətin vəziyyətdə tərk edə bilməzdim. Tam gücümü bərpa etdikdən sonra legioner həyatı yaşayacam. İndi yollansaydım belə, ehtiyatda oturacaqdım. Çünki hazır deyiləm”.