“Ramiz Məmmədov mənə demişdi ki, hara getsəm, səni də aparacağam”
06.01.2011 - 16:51
“Ramiz Məmmədov mənə demişdi ki, hara getsəm, səni də aparacağam”
“Başqa klublardan təkliflərim var. Özü də 2-3 komandadan. Mümkündürsə, onların adını çəkməyim. Sağ olsunlar ki, mənimlə maraqlanırlar”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun futbolçusu Samir Zərgərov deyib.

Milli komandamızın debütantı olan gənc yarımmüdafiəçi bu ay Dubayda baş tutacaq 14 günlük təlim-məşq toplanışına çağırılıb. “Gəncə” cari mövsümə iddialı başlasa da, artıq “altılığ”a düşməməyi rəsmiləşib, üstəlik, ölkə kubokunda mübarizəni də dayandırıb. Ancaq Zərgərov qış fasiləsində klubunu dəyişmək fikrində deyil: “Rəhbərliklə söhbətim olub. Dedilər ki, komandaya lazımsan. Üstəlik, mayadək müqaviləm var. Bu səbəbdən komandada qalmağa məcburam. Belə götürəndə, “Gəncə”də maddi durum normaldır. Əlbəttə, ilk “altılıq”da oyunlar maraqlı olacağından, orada çıxış etmək istərdim. Ancaq ikinci “altılıq”da olacağıqsa, problem yoxdur, oynayacağam. “Gəncə” rəhbərliyi ilə münasibətimiz çox yaxşıdır. Ona görə də onlarla pis ayrılmaq istəməzdim”.

Zərgərovun bu səviyyə çatmasında Ramiz Məmmədovun böyük rolu var. Hər halda, futbolçu məhz “Qəbələ” klubunda bu çalışdırıcının rəhbərliyi altında çıxışı ilə tanındı. Yeni ilin ilk günlərində Qazaxıstanın “Atırau” komandasının baş məşqçisi təyin olunan Məmmədov iki futbolçumuzu yanına aparmaqla bağlı rəhbərliklə danışacağını açıqlayıb. Maraqlıdır, bunlardan biri yaxşı tanıdığı Samir ola bilərmi? “Düzdür, Ramiz müəllim “Qəbələ”də olduğumuz vaxtda mənə deymişdi ki, hara getsəm, səni də aparacağam. O vaxt aramızda belə söhbət olmuşdu. Köhnə baş məşqçimin Qazaxıstan klubuna təyinatına çox sevindim. Məmmədova böyük hörmətim var. O, təkcə yaxşı məşqçi yox, həm də çox yaxşı insandır. “Atırau”ya gedişindən sonra əlaqəmiz olmayıb. Əgər ora gəlmək təklifi olarsa, bunu dəyərləndirməyə çalışacağam. Fərqi yoxdur, Qazaxıstan, Belarus, yaxud Türkiyə olsun – legioner həyatı yaşamaq çox yaxşıdır. Xaricdə, daha güclü klubda oynamaq istərdim. İnşallah, “Gəncə” növbəti mövsümdə daha iddialı olar. Bu, gerçəkləşərsə, qalaram. Müqaviləm bitəndən sonra güclü kluba keçməyi düşünürəm”.

Qeyd edək ki, Zərgərov çempionatımızda sentyabr ayının ən yaxşı futbolçusu kimi, “Unibank”ın mükafatına layiq görülüb.

Mehman SÜLEYMANOV