Vurğun Hüseynov: Azarkeşlərin də üzü gülür
07.01.2011 - 00:12
Vurğun Hüseynov: Azarkeşlərin də üzü gülür
“Məşqlərimizi gündə 2 dəfə olmaqla davam etdiririk. Səhər fiziki yükləmələr olur”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun kapitanı Vurğun Hüseynov deyib.

Premyer Liqanın əksər klublarından fərqli, hazırlığa erkən başlayan Tovuz təmsilçisi məşqlərini təmsil etdiyi rayonda həyata keçirir. XIX turdan sonra aktivində 12 xalı olan “Turan” rəhbərliyi fasilə zamanı baş məşqçi postunda dəyişiklik etdi. Ötən ay Naci Şensoyu yenidən bu posta təyin edən rəhbərliyin türkiyəli mütəxəssisdən ilk istəyi komandanı Premyer Liqada saxlamaq və gənclərdən ibarət mübarizə kollektiv yaratmaqdır.

Şensoyun gəlişindən sonra komandada ab-havanın yüksəldiyini qeyd edən kapitan fasilədən sonra fərqli “Turan” görəcəyimizi qeyd edib: “Naci Şensoy bizə heç də yad deyil. “Turan” onun rəhbərliyi altında əvvəllər iddialı komandalarla başabaş mübarizə aparıb. Buna görə də yerli azarkeşlər də onun xətrini istəyirlər. Təbii ki, onun gəlişi komanda daxili ab-havanı yüksəltməklə yanaşı, azarkeşlərin də üzünü güldürüb”.

Bir müddət əvvəl klub prezidenti tərəfindən transferə çıxarılan, amma sonradan komandada saxlanılması qərara alınan müdafiəçi transferinin yayda bəlli olacağını söyləyib: “Yaya qədər müqaviləm var və komandada qalacağam. Hər şey vəziyyətdən asılı olacaq. Yaxşı olsa, niyə də “Turan”da qalmayım?”