“Oxumayan yeniyetmədən futbolçu yaratmaq düzgün deyil”
07.01.2011 - 00:15
“Oxumayan yeniyetmədən futbolçu yaratmaq düzgün deyil”
Dünən Antalyada Türkiyə idman jurnalistləri dərnəyinin 48-ci il toplantısı keçirilib. Apasport.az saytının xəbərinə görə, tədbirdə Türkiyə futbol ictimaiyyətinin bir çox simaları da iştirak və çıxış edib.

Ən çox maraq doğuran açıqlamalar "Trabzonspor"un baş məşqçisi Şenol Günəşin adı ilə bağlı olub. Futbolçuların təhsilindən tutmuş milli komandaya qədər danışan Günəş keçmiş dövrlə müqayisədə futbolun çox dəyişdiyini vurğulayıb: "İndi hər şey çox fərqlidi. Milli komandaya Qus Hiddinki gətiririk, amma ondan necə faydalanacağımızı düşünmürük. Əlbəttə, mən də millinin başında türk məşqçi olmasını istəyərdim, amma əcnəbi məşqçiyə də qarşı deyiləm. Gah bəyənirik, gah yox. Ona qarşı soyuq müharibə var sanki. Bu gün futbolçulara da xüsusi diqqət yetirilməlidi. Onlar təhsilli olmalıdı, oxumayan yeniyetmədən futbolçu yaratmaq düzgün deyil”.

Cənubi Koreyada da işlədiyini söyləyən Günəş bildirib ki, bu ölkədə hər şey tam başqadı: “Bütün işlər plan əsasında qurulur. Bütün komandaların büdcəsi təxminən eynidi, maaşlar vaxtında ödənir. Cənubi Koreyadan önəmli komandalar və oyunçular çıxır. Çünki hər şey planlı qurulur. Bizdə isə futbolçuya dövrələrarası fasilədə isirahət və proqram verirsən. Amma futbolçu bu proqramı tətbiq etmədən gəlir. Əvvəllər futbolu aclar və kasıblar oynayır, varlılar izləyirdi. İndi isə tox oyunçular oynayır, kasıblar izləyir".