Bəhruz Şirəliyev: Anar Qasımov bizim futbolçudur
07.01.2011 - 18:12
Bəhruz Şirəliyev: Anar Qasımov bizim futbolçudur
“Anar Qasımovla xeyli müddətdir müqavilə bağlamışıq. MOİK-dən gələn futbolçu ilə il yarımlıq anlaşmışıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

Cari mövsümdə MOİK-in əsas futbolçularından olan Anar Qasımov qış fasiləsində diqqət mərkəzinə düşdü. Onu “Muğan”ın transfer etdiyi açıqlanandan sonra “Xəzər Lənkəran” onunla müqavilə imzaladığını bəyan edib.

Amma Şirəliyev 22 yaşlı yarımmüdafiəçinin keçidini hələ Yeni il öncəsi həll etdiklərini bildirib: “Onu transfer etdiyimizi hamı bildi, mətbuatda bu haqda yazıldı. Bu məsələdə mövqeyimiz bəllidir. Qasımov rəsmi müqavilə ilə bizə məxsusdur. O, notariusdan keçib. Anarla müqaviləmiz olmasaydı, onun bizim futbolçu olması ilə bağlı açıqlama verərdim? Qasımov sonradan başqa klubla müqavilə bağlayırsa, bu, bizim problem deyil. Komandamız yanvarın 12-də məşqlərə başlayacaq və Anarın həmin vaxt düşərgəmizə gəlişini gözləyirik”.

Qeyd edək ki, “Xəzər Lənkəran” Qasımovla 2 illik müqavilə bağladığını açıqlayıb.

Mehman SÜLEYMANOV