“Mən “Xəzər Lənkəran”la müqavilə bağlamamışam”
08.01.2011 - 11:35
“Mən “Xəzər Lənkəran”la müqavilə bağlamamışam”
“Mətbuatda “Xəzər Lənkəran” klubuna keçdiyim haqda xəbərə rast gəldim. İnanın ki, özüm də buna çox təəccübləndim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniya milli komandasının və Türkiyənin “Qalatasaray” klubunun sabiq futbolçusu Florin Bratu deyib.

Adı “Xəzər Lənkərn”la yanaşı hallanan futbolçu rumın həmkarlarımızın növbəti şayiəsindən bezərək həqiqəti açmağı lazım bilib: “Yazırlar ki, guya Mirça Redniklə anlaşıb onun baş məşqçisi olduğu komandaya keçmişəm. Lakin mən heç kimlə və heç nəyi imzalamamışam. Hətta danışıqlar da aparmamışam. “Dinamo”dan ayrıldıqdan sonra klubsuzam və azad agent statusu ilə başqa kluba keçə bilərəm. Amma bu planda hələ heç nə yoxdur”.

Qeyd edək ki, Rumıniya millisində 14 oyuna 2 qol vuran Bratu karyerası ərzində “Traktorul”, “Rapid”, “Dinamo” (hamısı Rumıniya), “Qalatasaray” (Türkiyə), “Nant”, “Velansyenn” (hər ikisi Fransa), “Liteks” (Bolqarıstan) klublarının şərəfini qoruyub. 2003/04 mövsümündə şərəfini qoruduğu “Cim-Bom”un heyətində 25 matça 6 qol vurub. Bundan başqa, Çempionlar Liqasında İstanbul təmsilçisinin 2 oyununda 1 dəfə fərqlənib. Türkiyəlilər Bratunu “Rapid”dən 2,1 milyon dollara transfer etmişdi. Florin Rumıniya çempionatı, kuboku, Superkuboku, həmçinin Bolqarıstan Superkubokunun qalibidir.