Araz Abdullayevin İngiltərədə oynamasında problem hələ də qalır
08.01.2011 - 14:31
Araz Abdullayevin İngiltərədə oynamasında problem hələ də qalır
Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin müqavilə imzaladığı İngiltərənin “Everton” klubuna indi yox, yayda keçməsinin əsl səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, gənc vunderkindin cari mövsümün sonunadək “Neftçi”dəki karyerasını davam etdirməsinə razı olan britaniyalılar bu addımı məcburiyyətdən atıblar.

Belə ki, Arazın İngiltərə Premyer Liqasında oynamaq hüququ hələ də yoxdur. “Everton” rəhbərliyi də bu məsələnin həlli ilə məşğuldur. Abdullayevin “Neftçi”də oynadığı, həmçinin gələn ay İngiltərəyə yollanıb klubun məşqlərinə qatıldığı vaxt “Everton” həmin icazənin alınmasına çalışacaq.

Məsələ ondadır ki, İngiltərə futbolunda 11 ildir mövcud olan qaydalara əsasən futbolçumuzun Premyer Liqada çıxışına xüsusi icazə lazımdır. Çünki o, zəruri tələblərə cavab vermir. 1999-cu ildə Houm-ofis futbola tətbiq olunacaq yeni qaydalar hazırladı. Böyük Britaniyanın miqrasiya sahəsinə cavabdeh olan bu qurum ölkəyə gələn legioner futbolçular üçün bır sıra məhdudiyyətlər qoydu.

Məhdudiyyətlər Avropa İttifaqının vətəndaşı olmayan oyunçulara şamil olunur. Yəni yalnız onlar legioner kimi tələblərə cavab verməlidir. Mövcud qaydaya əsasən bu qurumun pasportunu daşımayanlar, o cümlədən Abdullayev digər tələblərdən birinə uyğun gəlməlidir.

Həmin legioner öz yığmasının son iki ildə keçirdiyi görüşlərin ən azı 75 faizində iştirak etməlidir. Lakin Araz nəinki 75, hətta 100 faizlik nəticəyə malik olsa da, bu şərt onun üçün keçərli olmayacaqdı. Çünki bu, yalnız güclü yığmaların üzvlərinə şamil olunur. Qaydalara əsasən, həmin milli son iki il ərzində FİFA reytinqində ilk 70 yerdən birində qərarlaşmalıdır. Millimiz isə tarixi ərzində “70-liy”ə daxil olmayıb.

Lakin ən güclü 70 yığma arasında yer almayan ölkələrin təmsilçilərinin, millidə debüt etməyən gənclərin Premyer Liqada oynaması mümkündür. Bu isə 11 il əvvəl qəbul olunan qaydaların sonuncu bəndi ilə gerçəkləşə bilər.

Əgər oyunçu 75 faiz və “70-lik”lə bağlı şərtlərə uyğun gəlmirsə, onu transfer etmək istəyən klub quruma xüsusi müraciət etməlidir. Həmin sənəddə göstərilməlidir ki, bu oyunçu xüsusi istedada malikdir və Böyük Britaniya idmanının yüksək səviyyədə inkişafına kifayət qədər yardım edəcək. “Everton” da məhz belə müraciətlə həmyerlimizi heyətinə qata biləcək. Lakin qurum hələ ki, klubun istəyinə müsbət cavablandırmayıb.