“O, sanki Azərbaycan futbolunun yetirməsi deyil”
08.01.2011 - 15:04
“O, sanki Azərbaycan futbolunun yetirməsi deyil”
Azərbaycan milli komandasının kapitanı və Türkiyənin “Əskişəhərspor” klubunun müdafiəçisi Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- Artıq neçə gündür ki, hazırlıqlara başlamısınız. Toplanış necə gedir?
- Hər şey qaydasındadır. Bu gün ilk yoxlama oyunumuzu keçiririk. Ümumilikdə isə 4 matçda qüvvəmizi sınayacağıq. Heyət böyük olduğundan baş məşqçi bütün futbolçuları sınamaq üçün hamıya şans verəcək.

- Yəqin ki, bu qarşılaşmalar əsas heyətin müəyyənləşdirilməsi baxımından həlledici ola bilər. Elə sizin də əsas heyətə dönməyiniz üçün əhəmiyyət kəsb edə bilər...
- İndi vəziyyət başqa cürdür. Son 6 oyunda meydana çıxmamışam. Komandamız da bu görüşlərdə uduzmayıb. Üstəlik az qol buraxıb. Mən də heyətdəki yerimi itirmişəm. İndi çalışıb bu yerimi qaytarmalıyam.

- Qarşıdakı yoxlama görüşləri bunun üçün yetərli ola bilər?
- Bunun üçün müəyyən vaxt lazımdır. Komandada oyunçu çoxdur. Rəqabət də böyükdür.

- Oyunçular çox olsa da yeni transferlər edilir. Daha bir azərbaycanlının da “Əskişəhərspor”a keçməsi mümkündürmü?
- Yox. Komandada cəmi 2 legioner yeri boşdur. Bunun birinə də Tabata gəlir. Bildiyiniz kimi oyunçumuz Sezer Öztürk “Beşiktaş”a keçir. İstanbullular ona görə pul və üstündə Tabatanı verir. Digər legioner də azərbaycanlı olmayacaq.

- Yığmanın ayın sonu başlayan təlim-məşq toplanışına nə vaxt qatılacaqsınız?
- Fevralın 6-da yığmanın düşərgəsinə olacağam.

- Son vaxtlar futbolçularımız xarici klublara keçir. Amit Quluzadə “Fənərbaxça”ya, Araz Abdullayev “Everton”a. Buna münasibətinizi bilmək maraqlı olardı. Sizin də çıxış etdiyiniz Türkiyəyə yollanan Amit məşhur kluba keçidi haqda nə düşünürsünüz?
- Amitin “Fənərbaxça”ya keçməsi çox yaxşı olar. Təbii ki, heç kim onu ilk gündən meydana buraxan deyil. Orada güclü yarımmüdafiəçilər var. Heyətə düşməsi üçün vaxt və oynaması lazımdır.

- Sizə elə gəlmir ki, Hollandiya çempionu “Tvente”yə keçib orada oynaya bilməyən Vaqif Cavadovun yox, sizinlə Mahir Şükürovun yolu ilə gedib ortabab komandaya keçmək daha məqsədəuyğun olardı? Belədə , orada oynamaq özünü göstərib irəli getmək də mümkün idi...
- Vaqifin zədəsi də onun Hollandiyada oynamamasına təsir etmişdi. İmkan varsa birbaşa güclü komandaya keçməsi yaxşıdır. Ortabablardan güclü kluba keçmək çətin olur. Həm də ki, Amitin ortabab klubda oynayacağına heç kim zəmanət verə bilməz.

- Bəs İngiltərəyə yollanan Arazdan nə gözləyirsiniz?
- Ona ümidlərim böyükdür. Potensialını tam aça bilsə çox irəli gedəcək. Bu məsələdə onun hansı məşqçinin əlinə düşməsindən çox şey asılıdır. Gənclərlə düzgün işləməyi bacaran çalışdırıcının yanına düşsə böyük futbolçu olacaq.

- “Neftçi”dəki oyun sayına görə Amit Arazdan üstündür. Daha çox şans qazanır. Amma siz Amitlə müqayisədə Araza daha çox inanırsınız?
- Hər futbolçunun öz üslubu olduğu kimi, öz potensialı da var. Amitin potensialı ayrı, mənimki ayrı, Arazınki ayrı. Abdullayev bu potensialına görə hamıdan öndədir. Onun potensialı məninkindən də böyükdür. İndi qalır bəzi çatışmazlıqları aradan qaldırıb, səviyyəsini artırması. Mən Azərbaycanda onun kimi futbolçu görməmişəm. Potensialını tam açsa ən yaxşı oyunçumuz olacaq. Elə bil Azərbaycan futbolunun yetirməsi deyil. Portuqaliya və ya İspaniya futbol məktəbində yetişib.

- Belə çıxır ki, hər şey onun özündən asılıdır?
- Belə deməzdim. Mən onu görmüşəm, məşqlərdə də tənbəllik etmir. Hər şey məşqçidən, Araza yanaşmadan asılıdır. Futbolçu var ki, onun xeyri üçün gərək üstünə qışqırasan. Belə olanda o tam gücü ilə məşq edib artırır. Futbolçu da var ki, gərək onunla şirin-şirin danışasan ki, buna nail olasan. Araza da düzgün yanaşa bilən məşqçi lazımdır.