“Karabükspor” “Neftçi” ilə yoldaşlıq oyunu keçirmək istəyir - MÜSAHİBƏ
08.01.2011 - 16:02
“Karabükspor” “Neftçi” ilə yoldaşlıq oyunu keçirmək istəyir - MÜSAHİBƏ
Bakının “Neftçi” komandasının baş məşqçisi Arif Əsədov klubun rəsmi internet saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssis Türkiyə səfəri ilə bağlı fikirlərini açıqlayıb.

- Siz "Qalatasaray"ın Antalyada təlim-məşq prosesini izlədiniz, İstanbul klubunun hazırlığı bizim klublarınkından nə ilə fərqlənir?
- Təşkilatı baxımdan heç bir fərq yoxdur. Mən əsasən onların taktiki məşqlərini izlədim. Deməliyəm ki, George Hacı öz sisteminə uyğun məşqlər qururdu. Yəni hər məşqçi öz taktikasına görə məşq sistemi qurur, yəni əgər komanda meydana 4-4-2 taktikası ilə çıxırsa, taktikaya uyğun məşq keçir. Rumıniyalı mütəxəssis öz taktikasına uyğun hazırlıq keçirdi. Bu cəhətdən məşqi izləmək çox maraqlı idi. Ancaq qalan toplu və qızışdırıcı hərəkətlər, fərqli məşqlər bunların heç biri bizim məşqlərdən fərqlənmir. Təbii ki, daha aydın təsəvvürə malik olmaq üçün 3 gün ərzində təlim-məşq prosesini izləmək azdır.

- Azərbaycan Premyer Liqasında lider bir klubun baş məşqçisi kimi sizinlə maraqlanan olurdumu?
- "Qalatasaray"ın məşqini izləmək üçün xisusi buraxılış olmalı idi. Komandanı birinci məşqi jurnalistlər üçün açıq oldu, qalan məşqlər isə qapalı məşqlər idi və mən bu məşqlərin hamısını izlədim. Klubun nümayəndələri, məşqçilər korpusu və bir neçə menecer Azərbaycan futbolu ilə, bizim çempionatımızın sistemi haqda maraqlanırdılar. Həmçinin onlar bizim futbolçulara böyuk maraq göstərirdilər. Bu bizim üçün sevindirici haldır. Əsasən, yığmamızın Türkiyə üzərində qələbəsindən sonra, "Neftçi"nin "Beşiktaş"la bərabərə qalması, "Neftçi"nin Türkiyə Super Liqasının komandası "Karabükspor"u məğlub etməsi orada bizim futbola olan marağı daha da artırıb. Türkiyədə artıq bizi tanıyırlar və bizim futbolun inkişafını qəbul etməyə başlayıblar. Orada olarkən bir neçə türk kubunun rəsmiləri "Neftçi" barədə soruşurdular. "Karabükspor" klubunun baş məşqçisi ilə söhbətim oldu və onlar bizimlə yoldaşlıq oyunu keçirmək istədiklərini bildirdilər.

- Hacı ilə məşq prosesi haqda, sistem və taktika barəsində hər hansı bir diskussiyanız oldumu?
- Hacı ilə mən sırf məşqlərin gedişi ilə bağlı diskussiya apardım. Hacı bizim futbol ilə maraqlanırdı, Azərbaycan çempionatının sistemi barədə soruşurdu. Hiss olunurdu ki, futbolumuz haqqında xəbəri var. Belə görünür ki, tanınmış məşqçilərin və futbolçuların Azərbaycana gəlməsi bizim üçün müsbət mənada bir reklamdır.