Arif Əsədov: Biz transferə çıxardığımız futbolçuya şans verdik
10.01.2011 - 22:10
Bakının “Neftçi” klubu transferə çıxardığı futbolçusu Ruslan Əmircanovu Türkiyəyə təlim-məşq toplanışına aparıb. Komandanın baş məşqçisi Arif Əsədov apasport.az saytının Türkiyəyə ezam olunmuş xüsusi müxbirinə açıqlamasında vaxtilə milli komandamıza cəlb olunan müdafiəçiyə şans verdiyini bildirib. Əsədovun sözlərinə görə, əsas heyətdə oynamaq istəyən Ruslanı qış fasiləsi başlayan kimi transferə çıxarmaqla, özünə yeni komanda tapmasına imkan yaradıblar: “Ancaq bu, baş vermədiyindən, Əmircanov bizim futbolçu olaraq qalır. Çünki o, müqavilə ilə bizə məxsusdur. Ruslanla söhbətimiz olub. O, özünü göstərərək, əsas heyətə düşmək istəyir və biz də ona belə imkan yaradırıq. Necə deyərlər, bu meydan, bu da şeytan. Əmircanov cari mövsümün sonuna kimi bizim sıralarımızdadır. Ancaq bu, transferə çıxardığımız digər üç futbolçu – Eşqin Quliyev, Orxan Həsənov və gürcü Vladimir Burduliyə aid deyil. Biz onlarla yollarımızı ayırmışıq”.
Qeyd edək ki, 26 yaşlı Əmircanov qış fasiləsinə az qalmış əsas heyətdə oynamaq şansı qazandı. Bu da braziliyalı sol cinah müdafiəçisi Alessandro Vyana da Silvanın ağır zədələnməsi ilə bağlıdır. Yayda transfer olunan bu legionerin tezliklə sıraya dönməyəcəyi də Ruslanın taleyinə təsir göstərib.
Mehman SÜLEYMANOV

0
0