Arif Əsədov: Onunla futbola baxışımız, iş metodumuz uyğun gəlir
11.01.2011 - 00:01
Arif Əsədov: Onunla futbola baxışımız, iş metodumuz uyğun gəlir
“Mehmet Akla hələ bu il Türkiyəyə ilk səfərim zamanı görüşüm oldu. Həmin vaxt türkiyəli çalışdırıcı ilə fikir mübadiləsi aparmışdım”. Bu fikirləri apasport.az saytının Antalyaya ezam olunmuş xüsusi müxbirinə açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Gənc çalışdırıcının fiziki hazırlıq üzrə italiyalı köməkçisi Covanni Melkiorre “Qalatasaray”a yollandıqdan sonra bu post vakant idi. Düzdür, “Neftçi” həmin vaxt dəvət etdiyi İlqar Əliyevi Türkiyədə hazırkı toplanışa aparsa da, Əsədov onun funksiyalarının fərqli olduğunu bildirib: “Əliyev elmi-metodik məsələlərlə məşğul olur, təhlil məsələlərinə diqqət yetirir. Ak isə fiziki hazırlıq üzrə məşqçi kimi çalışır. Melkiorrenin gedişindən sonra bizə bu funksiyalara cavabdeh məşqçi lazımdır. Akla söhbətimiz müsbət nəticələndi. Onunla futbol baxışımız, iş metodumuz uyğun gəlir. Bu səbəbdən seçimi onun üzərinə etdik. Ak Türkiyə toplanışında işə başlayaraq, bizə yardımçı olacaq”.

Vaxtilə “Qarabağ” klubunda çalışdığı vaxtdan Azərbaycan futbolu ilə yaxından tanış olan gənc türkiyəli çalışdırıcı “Neftçi”ni Antalyada “Titanik” otelində gözləyirdi. Ak makedoniyalı futbolçular – İqor Mitrevski və Slavço Georgiyevski kimi “ağ-qaralar”ı bu məkanda qarşıladıqdan sonra ilk məşqdə iştirak etdi. Bu, otelin stadionunda olan hazırlıq idi. Yerli vaxtla saat 18:15-də start götürən məşqdə futbolçular çox yüklənməyərək, isinmə hərəkətləri, qaçış, koordinasiya və digər hərəkətlər üzrə çalışdılar.

Mehman SÜLEYMANOV