Cəmşid Məhərrəmov: Buna gücümüz də çatır
11.01.2011 - 14:30
Cəmşid Məhərrəmov: Buna gücümüz də çatır
“Əlbəttə, futbol üçün darıxmışam. Yaxın günlərdə məşqlərimiz başlayır və bu boşluğu dolduracağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun müdafiəçisi Cəmşid Məhərrəmov deyib.

Cari mövsümdə heç də ümidləri doğrultmayan və qeyri-sabit çıxışı ilə yadda qalan paytaxtın eyniadlı təmsilçisi əksər klublarımızdan fərqli, hələ məşqlərə başlamayıb. Gələn həftə bir araya gələcək “zolaqlılar” təlim-məşq toplanışı keçirmək üçün Antalyaya yollanacaq.

Bu arada 4 futbolçu ilə yollarını ayıran “Bakı” fasilədə ilk transferini reallaşdırıb. Stevan Bates yenidən karyerasını ölkəmizdə davam etdirəcək. Serb futbolçunun transferi ilə bağlı fikirlərini bildirən kapitan onun faydalı olacağını düşünür: “Batesi yaxşı tanıyırıq. Nəyə qadir olduğunu bilirik. Yüksək səviyyəli futbolçudur və komandaya faydalı olacağını düşünürəm”.

İlk “altılıq” şansları barədə də danışan müdafiəçi ümidini hələ itirməyib: “Fasilədən sonra keçirəcəyimiz 3 oyunun hamısında qələbə qazanmalıyıq. Heç-heçə də bizi qane etmir. Əslində, buna gücümüz də çatır. Yaxşı hazırlıq keçib, məqsədə nail olmalıyıq. Klub rəhbərliyi futbolun inkişafı üçün əlindən gələni edir. Biz də bunun qarşılığını verməliyik”.

Komandanın yaxşı oyunçulardan qurulduğunu da qeyd edən futbolçu qol vurmaqda müəyyən qədər axsadıqlarını qeyd edib: “Əslində, heyətdə güclü oyunçular var. Niyə zəif çıxış etməyimizin səbəbini bilmirəm. Ola bilsin, bir qədər anlaşılmazlıq mühüm rol oynasın”.