“Qurban Qurbanovla işləməyin özü də bir stimuldur”
11.01.2011 - 16:51
“Qurban Qurbanovla işləməyin özü də bir stimuldur”
“Qarabağ”la karyeramda yeni səhifə açıram. Bu klubun son 2 ildə etdiklərinə əlavə şərh verməyə ehtiyac yoxdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının sabiq futbolçusu İlqar Qurbanov deyib.

Bir müddət əvvəl Türkiyənin “Mersin İdman Yurdu” klubundan ayrılan 25 yaşlı yarımmüdafiəçi karyerasını “Qarabağ”da davam etdirəcək. Ağdamlılarla yarım il müddətinə anlaşan İlqar klubun rəsmi internet saytına açıqlama verib: “Sevinirəm ki, “Qarabağ”da top qovacağam. Bu mənim üçün yeni bir çağırışdı. Uşaqların əksəriyyətini yaxşı tanıyıram. Komandada əla rəqabət var. Bu da inkişafımız üçün çox yaxşıdı. “Qarabağ”ın 90 faizi milli futbolçulardan qurulub. Belə yerdə oynamaq çox yaxşıdır. Sanki futbola yenidən başlayıram. Bu dərəcədə özümü istəkli hiss edirəm. Üstəlik, Qurban Qurbanov kimi məşqçi ilə işləyəcəyəm. Bunun özü də bir stimuldur. İnşallah, keçidim hər iki tərəf üçün xeyirli olar”.